Bu sualı Qərb yeniyetmələrinə versən, cavabları belə ola bilər:
«Əgər Kapitan Amerika və ya Ayron Men doğrudan da mövcud olsaydı, dünya çox daha yaxşı olardı!»
Amma eyni sualı bir şiə yeniyetməyə versən: «Axırda dünyanın aqibəti nə olacaq?» – böyük ehtimalla deyər:
«Bir gün bizim nicatverənimiz İmam Zaman (ə.c) zühur edəcək, onunla birlikdə Həzrət İsa (ə) gələcək və dünya bu qədər zülm və qarışıqlıqdan rahat bir nəfəs alacaq.»
İmam Zaman (ə.c) əfsanəvi bir obraz deyil. O, real bir insandır; müəyyən doğumu, müəyyən ata-anası və Allahın verdiyi qəti bir vədi var. Rəvayətlərdə buyurulur ki, İmam Zamanın (ə.c) zühurundan sonra Həzrət İsa (ə) da yer üzünə enəcək və onun arxasında namaz qılacaq (1). Yəni böyük bir peyğəmbər belə son zamanın nicatverəninin yanında dayanacaq ki, bu hərəkatın ilahi və qlobal olduğunu göstərsin.
Həzrət Mehdi (ə.c) xəyali, fövqəladə güclərlə gəlmir; o, Həzrət Əlinin (ə) Zülfüqarı, Musanın (ə) əsası, ağıl və hidayət ilə dünyanı xilas edəcək. Superqəhrəmanlar – müasir dünyanın xəyali nicatverənləri
Qərb dünyasında, xüsusilə yeniyetmələr üçün superqəhrəmanlar məhz bu rolu oynayır: dünya qarışanda gələn və hər şeyi düzəldən biri. Kapitan Amerika ədalətin rəmzidir, Supermen zəifləri qoruyan gücün simvoludur, Betmen isə korrupsiyaya qarşı durmağın. Bu obrazlar o qədər real təsvir olunub ki, bəzi yeniyetmələr ürəklərinin dərinliyində kaş onlardan biri həqiqətən mövcud olaydı deyə arzulayırlar. Hətta desən ki, «dünyanı xilas edəcək real bir qəhrəman var», bəlkə də düşüncələri avtomatik olaraq bu superqəhrəmanlara yönələr.
Amma bu superqəhrəmanların hekayəsi filmin sonunda bitir: film qurtarır, titrlər başlayır və televizoru söndürəndə ya kinoteatrdan çıxanda dünya yenə əvvəlki dünyadır. Şiə inancındakı nicatverən isə təkcə bizim dünyanın “pis adamlarını” məğlub etməyə gəlmir; nə tək bir şəhəri, nə də bir ölkəni – bütün dünyanı dəyişməyə gəlir.
İmam Zaman (ə.c) və Həzrət İsa (ə) insanların xəyalının məhsulu deyil; onlar bəşəriyyətin gələcəyi üçün ilahi planın bir hissəsidirlər.
Bəlkə də dünya ədalətsizliklə dolu olduğu üçün və insanlar “şərdən güclü” birini axtardıqları üçün qəhrəmanları kinolarda axtarırlar. Ümid yaşamaq üçün lazımdır və şiə ümidini Allahın verdiyi vəddə görür. Düz düşünsək, xilaskarın zühuruna iman, əslində, dünya yeniyetmələrinin superqəhrəmanlar timsalında axtardıqları arzunun ən real və həqiqi formasıdır.
Mənbə:
(1) İmam Baqirdən (ə) rəvayət olunub: «… İsa ibn Məryəm qiyamətdən əvvəl (göydən) enəcək və Mehdinin arxasında namaz qılacaq …».
Safi Gülpayiqani, Lütfullah, Müntəxəbül-əsər, c. 3, s. 159