O, Ağ Evə qayıtdığı vaxtdan bəri razılaşma dalınca olmayıb, əksinə İran üzərində hegemonluq qurmaq və Yaxın Şərqin siyasi xəritəsini qlobal ifrat sağın sivilizasiyalararası qarşıdurma planı əsasında dəyişmək niyyətində olub. Trampın baxışında danışıqlar güllə atmadan aparılan müharibədir ki, qarşı tərəf tam şəkildə onun diktələrinə təslim olsun. Trampın həddindən artıq tələbkar, İran əleyhinə və reallıqdan uzaq gözləntiləri razılaşmanın əsas maneəsidir.
Tramp indi bir neçə aylıq iqtisadi mühasirəyə ümid bağlayıb ki, ərzaq qıtlığı, işsizliyin genişlənməsi, hiperinflyasiyanın baş qaldırması və iqtisadi səfalətin dərinləşməsi kimi amillər ya İslam Respublikasının təslim olmasına və Venesuela tipli alverə səbəb olsun, ya da qəzəbli, ac, gələcəyin daha da qaralmasından qorxan və çıxılmaz vəziyyətdə olan kütlələrin küçələrə çıxaraq ölkəni sabitsizləşdirməsi nəticəsində xarici birbaşa müdaxilə, məqsədli hərbi hücumlar, xaricdən idarə olunan rejim dəyişikliyi və hakimiyyətin asılı, itaətkar bir qrupa verilməsi üçün şərait yaratsın.
Amma o, bir məqamı nəzərə almayıb ki, bu iqtisadi mühasirə dünya ticarətinin də nəfəsini kəsib! Siyasi və ictimai davamlılıq təkcə İranın problemi deyil, bu vəziyyət ABŞ və dünyanın da yaxasından yapışıb və bu sahədə rəqabət davam edir. Qərblilər iqtisadi təzyiqə dözümlülük baxımından iranlılardan daha həssasdırlar.
Hərçənd istənilən an ABŞ-ın, xüsusilə ölkənin cənub dəniz sərhədlərində, yenidən hərbi hücumlara başlaması mümkündür, lakin 39 günlük müharibədən sonra Trampın əsas silahı iqtisadi müharibədir! “Epik qəzəb” artıq “iqtisadi qəzəb”ə çevrilib.