0
Thursday 4 June 2026 - 23:05

Şəhid Rəhbərin düşüncəsində Qədir-Xumun dörd strateji mesajı

Story Code : 1283903
Şəhid Rəhbərin düşüncəsində Qədir-Xumun dörd strateji mesajı
Qədir-Xum hadisəsinin müxtəlif ölçü və aspektlərinin izahı, eləcə də bu böyük tarixi hadisənin mahiyyətindən hərtərəfli və praktik siyasi-idraki nəzəriyyənin formalaşdırılması şəhid İslam İnqilabı Rəhbəri, Həzrət Ayətullahül-üzma Xameneinin (r.ə.) fikir sisteminin əsas istiqamətlərindən biri olmuşdur. O həzrət Qurani-Kərimin nurani ayələrinə və Məsum İmamların (ə) kəlamlarına əsaslanaraq Qədir bayramını sadəcə tarixi hadisə deyil, bütün zamanlar üçün dəyişməz həqiqət, şiələrin kimlik nişanı, İslamda hökumətin əhəmiyyət və zərurətinin simvolu, həmçinin İslam ümmətinin birliyinə xidmət edən vasitə kimi dəyərləndirmişdir.
“Əllahın ən böyük bayramı” kimi tanınan Qədir-Xum bayramı ərəfəsində şəhid İslam İnqilabı Rəhbərinin düşüncəsində bu möhtəşəm hadisənin əzəmət və əhəmiyyətinə dair dörd əsas baxışa nəzər salırıq.

A) Qədir – şiəliyin etibarlı kimlik sənədi
Şəhid İnqilab Rəhbəri Qədir hadisəsini Əhli-beyt (ə) məktəbinə mənsub şiələrin etibarlı kimlik sənədi hesab edir və buyurur:
“Qədir bayramı Əhli-beyt şiələrinin şəxsiyyət vəsiqəsinin mühüm hissəsini təşkil edir və şiə kişi və qadınlar əsrlər boyu bu günün və bu hadisənin xatirəsi ilə öz kimliklərini hiss etmişlər.”
Onun baxışına görə, Qədir İslam cəmiyyətinin doğru yoldan sapmamasını təmin edən mühüm meyardır. Buna görə də Qədirə yalnız kəlami bir inanc kimi deyil, şiə kimliyinin əsas dayağı kimi baxmaq lazımdır. Əhli-beyt (ə) davamçıları əsrlər boyu bu hadisəyə söykənərək öz tarixi missiyalarını dərk etmiş və onun həyata keçirilməsi uğrunda çalışmışlar.

B) Qədir – tarixin danılmaz həqiqəti
Şəhid Xameneinin fikrində xüsusi yer tutan digər məsələ Qədir-Xum hadisəsinin qəti və şübhəsiz tarixi həqiqət olmasıdır.
O həzrət qeyd edir ki, Qədir hadisəsini yalnız şiə mənbələri deyil, çoxsaylı sünni alimləri və mühəddislər də nəql etmişlər:
“Qədir hadisəsini yalnız şiələr nəql etməyiblər. Əhli-sünnə alimləri və mühəddisləri də bu hadisəni geniş şəkildə nəql etmişlər. Fərq yalnız onun təfsirindədir. Hadisənin özü isə müsəlmanlar arasında danılmaz həqiqət sayılır.”
Şəhid rəhbərin fikrincə, hətta Qədirə irad tutmağa çalışanlar belə “Mən kuntu məvlahu fə haza Əliyyun məvlahu” hədisinin deyildiyini inkar etməmiş, yalnız onun mənasını fərqli şəkildə yozmağa çalışmışlar.
Bu baxımdan Qədir yalnız şiələrə aid bir hadisə deyil, bütün müsəlmanların və insan səadəti haqqında düşünən hər kəsin ortaq irsidir.

C) Qədir – İslamda hakimiyyətin əhəmiyyətinin rəmzi
Şəhid İnqilab Rəhbərinin Qədirə dair ən mühüm idraki baxışlarından biri onun İslamda hakimiyyət və idarəçilik məsələsinin əhəmiyyətini nümayiş etdirməsi ilə bağlıdır.
Onun fikrincə, “Mən kuntu məvlahu fə haza Əliyyun məvlahu” ifadəsi İslamın cəmiyyətin idarə olunmasına və siyasi rəhbərliyə verdiyi böyük önəmin ən parlaq nümunəsidir.
Şəhid rəhbər hesab edirdi ki, İslam cəmiyyət quruculuğu və idarəçilik sahəsində ən ali mesajını məhz Qədir hadisəsində ortaya qoymuşdur. Qədirin dünyaya çatdırdığı əsas mesaj ideal idarəçilik modelidir.
Bu siyasi-idraki yanaşmaya əsasən, Qədir İslam hakimiyyətinin davamlılığının təzahürüdür. Onun mühüm nəticəsi isə İslam düşmənlərinin dinin kökünü kəsmək ümidlərinin puça çıxmasıdır.
Şəhid Xamenei (r.ə.) vilayət hakimiyyətinin davamlılığını vurğulayaraq Vilayəti-Fəqih nəzəriyyəsini İmamətin Qeybət dövründəki məntiqi və fiqhi davamı hesab etmişdir. O bildirirdi ki, İran İslam Respublikasının İslam idarəçiliyinə xüsusi önəm verməsinin kökü məhz Qədir-Xum hadisəsində öz əksini tapmış dərin İslam təlimlərinə dayanır.
Bu səbəbdən Qədir hadisəsini siyasi İslam tarixinin dönüş nöqtəsi adlandırmaq olar; elə bir gün ki, vilayət əsaslı hakimiyyət sistemi təsbit edilmiş və siyasət sahəsində ilahi rəhbərlik təcəlli etmişdir.

D) Qədir – İslam ümmətinin birliyinə aparan vasitə
Şəhid İnqilab Rəhbərinin fikir sistemində Qədir hadisəsinin digər mühüm tərəfi onun vəhdət yaradan mahiyyətidir.
O, Əllamə Əmini və şəhid Mürtəza Mütəhhəri kimi böyük alimlərin baxışlarına istinad edərək Qədiri ixtilaf deyil, birlik, qardaşlıq və İslam ümmətinin həmrəyliyi üçün vasitə kimi təqdim etmişdir.
Şəhid rəhbər vurğulayırdı ki, Qədir hadisəsinin mərkəzində dayanan Möminlərin Əmiri Həzrət Əli (ə) bütün müsəlmanların ehtiram göstərdiyi böyük şəxsiyyətdir və onun əzəməti barədə müsəlmanlar arasında fikir ayrılığı yoxdur.

O açıq şəkildə bildirirdi:
“Əgər biz şiələr və Həzrət Əlinin (ə) davamçıları Qədir həqiqətini düzgün şəkildə anlasaq və onu başqalarına da doğru təqdim etsək, Qədir məsələsinin özü müsəlmanlar arasında birlik yaradan amilə çevrilə bilər.”
Bu baxımdan şəhid İnqilab Rəhbərinin Qədirə dair vəhdət yönümlü baxışı, xüsusilə müsəlmanlar arasında birlik və həmrəyliyin strateji əhəmiyyət daşıdığı indiki dövrdə, böyük əhəmiyyət kəsb edir və həm milli, həm də beynəlxalq səviyyədə İslam ümmətinin birliyinin möhkəmlənməsinə töhfə verə bilər.
 
Comment