Bu gün Məhərrəmül-həram ayının doqquzuncu günü – Tasuayi-Hüseynidir. Bu gün şiə təqvimində Kərbəla çölünün bayraqdarı, Həzrət Əbülfəzl Abbasın (ə) uca və mələkuti adı ilə qovuşmuşdur. Tasua təkcə tarixin axarında yer alan bir gün deyil, haqq ilə batilin qarşıdurmasında dönüş nöqtəsi, “bəsirət” və “sədaqət”in təcəlli məkanıdır. Həmin gün batil cəbhəsi kiçik, lakin polad iradəli Seyyidüş-Şühəda (ə) ordusunun müqavimətini qırmaq üçün bütün hərbi və psixoloji imkanlarını səfərbər etdi. Lakin Abbasi qeyrət düşmənin bütün hesablarını alt-üst etdi.
Analitik baxımdan Tasua gününün hadisələri Yezid ordusunun hərbi qarşıdurma başlamazdan əvvəl psixoloji və media müharibəsinin zirvə nöqtəsini nümayiş etdirir. Hüseyni xeymələrin dayaqlarını sarsıtmaq, tərəfdarları ayırmaq və susuzluğu silaha çevirməklə mühasirəni daha da gücləndirmək üçün göndərilən aman məktubları Ömər ibn Səd və Şimr ibn Zil-Cövşənin İmam Hüseyni (ə) təslim etdirmək məqsədilə həyata keçirdiyi taktikalardan idi. Lakin İmamın səhabələrinin, xüsusilə də Qəməri-Bəni-Haşimin (ə) qətiyyətli və qəhrəmanlıq dolu mövqeyi göstərdi ki, Aşura məktəbi alçaldıcı amanlara boyun əyməmək məktəbidir.
Aşuranın həyəcanlı anları yaxınlaşdıqca, Tasua gününün hadisələrinə nəzər salmaq Əhli-beytin (ə) həm məzlumluğunu, həm də əzəmət və möhkəmliyini bir daha ortaya qoyur. Bu tarixi günün ən mühüm hadisələri aşağıdakılardır:
Tam mühasirə və su qadağasının başlanması
Hicri 61-ci ilin Məhərrəm ayının doqquzuncu günü Kufə qoşunlarının İmam Hüseynə (ə) və onun səhabələrinə qarşı mühasirəsi son dərəcə sərtləşdirildi. Bütün əlaqə yolları nəzarət altına alındı ki, haqq ordusuna yeni qüvvələr qoşula bilməsin. Həmin gün düşmən qəddar bir addım ataraq suyu Əhli-beyt (ə) xeymələrinin üzünə bağladı. Beləliklə, Ömər ibn Səd ordusunun təhdid və təzyiqlərlə dolu yeni mərhələsi başladı; Peyğəmbər (s) ailəsi üçün son dərəcə ağır və müsibətli bir gün yaşandı.
Şimrin Kərbəlaya gəlişi və Ömər ibn Sədə son xəbərdarlıq
Kufə ordusunda kin və qəddarlığın simvoluna çevrilmiş Şimr ibn Zil-Cövşən Übeydullah ibn Ziyadın sərt məzmunlu məktubu ilə Kərbəlaya gəldi. Bu məktub sülh yolu axtaran və öz mövqeyini qorumağa çalışan Ömər ibn Sədi tarixi seçim qarşısında qoydu: ya Hüseynlə (ə) döyüşmək, ya da komandanlığı itirib Rey hakimiyyəti arzusundan əl çəkmək. Hakimiyyət sevgisi Ömər ibn Sədə qalib gəldi və o, qoşunlarını düzərək Sərallah xeymələrinə hücuma hazırlaşdı.
Alçaldıcı amanın rədd edilməsi – Abbasın (ə) qeyrət dastanı
Tasua axşamı Şimr, Bəni-Kilab qəbiləsi ilə (Həzrət Abbasın anasının mənsub olduğu qəbilə) qohumluğunu əsas gətirərək Həzrət Abbas (ə) və onun üç qardaşı – Abdullah, Cəfər və Osman üçün aman məktubu gətirdi. Məqsəd İmamın ordusunun əsas sütunlarını ayırmaq idi. Şimr uca səslə bacısı oğullarını çağırdı. Həzrət Abbas (ə) İmamın izni ilə ona cavab verdi. Şimr bildirdi ki, əgər onlar Hüseynin (ə) ordusunu tərk etsələr, canları amanda olacaq.
Lakin Qəməri-Bəni-Haşim (ə) tarixə həkk olunan cavabında buyurdu:
“Əllərin kəsilsin və Allahın lənəti sənin və aman məktubunun üzərinə olsun... Bizə aman verirsən, amma Allah Rəsulunun oğluna aman yoxdur?”
Məbudla münacat üçün bir gecə möhlət
Übeydullahın məktubu çatdıqdan sonra düşmən ordusu Tasua axşamı tələsik şəkildə ümumi hücuma hazırlaşmağa başladı. İmam Hüseyn (ə) hücum üçün hərəkətə keçən böyük qoşunu gördükdə qardaşı Abbası (ə) iyirmi nəfər səhabə ilə birlikdə – o cümlədən Həbib ibn Məzahir və Züheyr ibn Qeyn ilə – onların məqsədini öyrənməyə göndərdi. Düşmən ya təslimiyyət, ya da müharibə mesajını çatdırdı.
İmam (ə) qardaşı vasitəsilə düşmənə xəbər göndərdi ki, onlara bir gecə möhlət versinlər və döyüşü sabaha saxlasınlar. Bu istək ölüm qorxusundan deyil, ibadət və dua sevgisindən irəli gəlirdi. Həzrət buyurdu:
“Mən son gecəmdə bir qədər də çox namaz qılmağı və ibadətlə məşğul olmağı sevirəm. Allah bilir ki, Onunla münacata nə qədər bağlıyam.”
Düşmən məcbur olub bu istəyi qəbul etdi. Beləcə, Aşura tufanından öncə müvəqqəti bir sakitlik Hüseyni xeymələri bürüdü və onlar son gecələrini Rəbbə dua, ibadət və münacatla keçirdilər.