Qəzet yazır ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" qüvvələrinin keçmiş komandanı Hacı Qasım Süleymaninin mirası hesab edilən müqavimət qrupları İraqın siyasi, iqtisadi və ictimai həyatına dərin şəkildə inteqrasiya olunub, ticarət şəbəkələri yaradıblar, parlamentdə və hökumətdə təmsil olunurlar.
Altı il əvvəl ABŞ Prezidenti Donald Tramp Hacı Qasım Süleymaninin şəhid edilməsinə göstəriş vermişdi. Tramp son illər ərzində dəfələrlə onun adını çəkərək bildirmişdi ki, əgər Hacı Qasım sağ olsaydı, bu gün "tamamilə fərqli bir İran" mövcud olardı.
Lakin illərin keçməsinə baxmayaraq, Hacı Qasımın qoyduğu irs bölgədə hələ də mühüm rol oynamaqda davam edir.
Adı açıqlanmayan iranlı bir rəsmi The Telegraph qəzetinə müsahibəsində müqavimət qruplarını "görməzlikdən gəlinməsi mümkün olmayan qüvvə" adlandırıb və bildirib ki, İran necə Hizbullaha dəstək veribsə, bu qrupları da dəstəkləməyə davam edəcək.
Tramp administrasiyası İraq rəhbərliyinə bu qrupların fəaliyyətini məhdudlaşdırmaq üçün təzyiq göstərsə də, iraqlı ekspertlər bildirirlər ki, Həşd əş-Şəbi (Xalq Səfərbərlik Qüvvələri) heç bir şəkildə ləğv edilə bilməz.
The Telegraph sonda vurğulayır ki, Hacı Qasım Süleymaninin şəhadətindən altı ildən çox vaxt keçməsinə baxmayaraq, onun "irs"i bu gün də Yaxın Şərqdə baş verən hadisələrin və münaqişələrin formalaşmasına təsir göstərmək gücünü qoruyub saxlayır.