Onilliklər ərzində ABŞ-ın ən mühüm geosiyasi üstünlüklərindən biri yalnız hərbi və ya iqtisadi gücü deyil, Avropa, Asiya və Yaxın Şərqin bəzi hissələrində beynəlxalq düzəni Vaşinqtonla bölüşən geniş müttəfiqlər şəbəkəsi olub. NATO, ABŞ-ın Yaponiya və Cənubi Koreya ilə ittifaqları, eləcə də geniş təhlükəsizlik tərəfdaşları şəbəkəsi sadəcə hərbi sazişlərdən ibarət deyildi. Bunlar ABŞ-ın qlobal gücünün əsas dayaqları hesab olunurdu.
Lakin hazırda daha ciddi bir sual gündəmə gəlir: ABŞ-ın xarici siyasətindəki dəyişikliklər fonunda bu şəbəkə öz dayanıqlığını qoruya biləcəkmi?
Məsələ yalnız Donald Trampın ABŞ-ın müttəfiqlərinə təzyiq göstərməsi və ya onlardan təhlükəsizlik xərclərində daha böyük pay tələb etməsi ilə bağlı deyil.
Problem daha dərindir. Tramp İkinci Dünya müharibəsindən sonrakı beynəlxalq münasibətlər sisteminin əsas fərziyyələrindən birini – ABŞ-ın ittifaqlarını qorumaq üçün, hətta Vaşinqton üçün dərhal və ölçülə bilən gəlir gətirmədiyi hallarda belə, müəyyən xərclərə getməyə hazır olması prinsipini – sual altına alıb.
Ənənəvi Amerika yanaşmasına görə, ittifaq uzunmüddətli sərmayə idi. Vaşinqton Avropada hərbi qüvvələr yerləşdirir, təhlükəsizlik xərclərini qarşılayır və müttəfiqlərini dəstəkləyirdi. Çünki güclü müttəfiqlər şəbəkəsinin uzunmüddətli perspektivdə Rusiya və Çin kimi rəqiblər qarşısında ABŞ-ın mövqeyini gücləndirəcəyini düşünürdü.
Tramp isə bu münasibətlərə daha çox sövdələşmə prizmasından yanaşır: ABŞ nə verir və bunun müqabilində nə əldə edir?
Bu yanaşma qısa müddətdə müttəfiqlərin müdafiə xərclərinin artmasına səbəb olsa belə, uzunmüddətli perspektivdə daha geniş nəticələr doğura bilər. Çünki ittifaq yalnız müqavilə və silah üzərində qurulmur, həm də etimada əsaslanır. ABŞ-ın öhdəliklərinin nə dərəcədə davamlı olduğuna əmin olmayan müttəfiq gec-tez alternativlər axtarmağa başlayacaq.
Tramp böhranı yaratmadı, onu üzə çıxardı
Bütün mövcud problemləri Trampın siyasəti ilə əlaqələndirmək sadəlövhlük olardı. ABŞ-ın müttəfiqlik sisteminin aşınması ondan əvvəl də başlamışdı. Avropa uzun illərdir təhlükəsizlik baxımından ABŞ-dan asılılığını müzakirə edir. Asiya ölkələri də Çinin gücünün artması fonunda Vaşinqton və Pekin arasında daha geniş manevr imkanları yaratmağa çalışırdılar.
Hətta ABŞ-ın bir çox ənənəvi müttəfiqləri xarici siyasət seçimlərini yalnız ABŞ-Çin rəqabəti çərçivəsində müəyyənləşdirmək istəmirlər. Tramp bu prosesi sadəcə sürətləndirib.
Onun ABŞ müttəfiqlərinə mesajı aydındır: təhlükəsizlik artıq Vaşinqtonun heç bir xərc hesablamadan başqalarına təqdim etdiyi ictimai nemət deyil. Müttəfiqlər daha çox vəsait xərcləməli, müdafiə imkanlarını gücləndirməli və bunun müqabilində ABŞ-a daha böyük güzəştlər təqdim etməlidirlər.
ABŞ-ın daxili iqtisadi və siyasi perspektivindən bu yanaşma cəmiyyətin müəyyən hissəsi üçün anlaşılandır. Lakin strateji baxımdan burada böyük bir ziddiyyət mövcuddur.
ABŞ Çinə qarşı rəqabətdə heç vaxt olmadığı qədər müttəfiqlərinə ehtiyac duyur. Lakin həmin müttəfiqləri ABŞ-ın etibarlılığına şübhə etməyə vadar edərsə, Vaşinqton özünün ən mühüm strateji kapitalını zəiflədə bilər.
Avropa bunun bariz nümunəsidir.
Vaşinqtonun təzyiqi Avropa ölkələrini müdafiə büdcələrinin artırılması və müstəqil hərbi imkanların gücləndirilməsi barədə daha fəal düşünməyə vadar edib. Bir tərəfdən bu proses ABŞ üçün müsbət görünə bilər, çünki Avropa öz təhlükəsizliyinə görə daha çox məsuliyyət daşıyacaq.
Digər tərəfdən isə bu tendensiya Avropanın ABŞ-dan struktur asılılığının azalması ilə nəticələnərsə, Vaşinqton uzun illər ərzində formalaşdırdığı təsir imkanlarının bir hissəsini itirə bilər.
Eyni ziddiyyət Asiyada da müşahidə olunur. Yaponiya və Cənubi Koreya hələ də ABŞ-ın hərbi mövcudluğuna ehtiyac duyur. Çin və Şimali Koreyadan gələn təhdidlər Vaşinqtonla ittifaqın qorunması üçün güclü motivasiya yaradır.
Lakin bu ölkələr eyni zamanda daha müstəqil müdafiə və iqtisadi imkanlara malik olmağın vacibliyini də anlayırlar.
Əslində ABŞ-ın müttəfiqləri mütləq şəkildə Vaşinqtonu tərk etmirlər. Onlar sadəcə Vaşinqtonun davranışında mümkün dəyişikliklərə qarşı özlərini sığortalayırlar. Bəlkə də ən mühüm dəyişiklik məhz budur.
Artıq heç kim yalnız bir seçimlə kifayətlənmək istəmir
Əvvəllər dünyanın bir çox ölkəsi böyük güclər arasında seçim etməyə məcbur idi. Bu gün isə alternativlərin sayı artıb.
Çin böyük iqtisadi və texnoloji gücə çevrilib, Hindistan daha müstəqil aktor kimi çıxış edir, Avropa öz strateji imkanlarını genişləndirməyə çalışır, regional güclər isə çoxvektorlu xarici siyasət yürütməyə daha çox üstünlük verirlər.
Bu tendensiya Yaxın Şərqdə xüsusilə aydın görünür. Region ölkələri artıq Vaşinqton və Pekin, yaxud Vaşinqton və Moskva arasında seçim etmək istəmirlər. Onlar ABŞ-la təhlükəsizlik əlaqələrini qorumaqla yanaşı, Çinlə ticarət edə, Rusiya və digər güclərlə siyasi münasibətlər qura bilərlər.
Əgər əvvəllər ABŞ-ın gücü böyük ölçüdə müxtəlif ölkələrin özlərini Vaşinqtonun rəhbərlik etdiyi sistem daxilində müəyyənləşdirməsindən qaynaqlanırdısa, indi həmin ölkələr daha çox seçim imkanına malik olmağa üstünlük verirlər.
Başqa sözlə, əsas məsələ ABŞ-ın müttəfiqlərinin strateji seçimləri üzərindəki inhisarının zəifləməsidir.
Yaxın Şərqdə regionun daha sabit istiqamətə doğru hərəkətini də yalnız ABŞ-ın rolunun artması ilə izah etmək mümkün deyil. Regional aktorlar tədricən bütün problemlərin Vaşinqton tərəfindən həll olunmasını gözləmədən öz aralarındakı münasibətləri tənzimləməyi öyrənirlər.
Bu baxımdan ABŞ-ın siyasətindəki dəyişiklik paradoksal nəticə doğura bilər: Vaşinqton öz məsuliyyət yükünü azaltmağa çalışdıqca, müttəfiqlərini və tərəfdaşlarını daha müstəqil olmağa sövq edir.
Çin amili isə bu mənzərəni daha da mürəkkəbləşdirir.
Çin iqtisadiyyatı borc yükü, daxili tələbin zəifliyi və bəzi sənaye sahələrində artıq istehsal gücü də daxil olmaqla ciddi struktur problemlərlə üzləşir. Ölkədə ciddi iqtisadi böhran yaranarsa, bunun nəticələri yalnız iqtisadi sahə ilə məhdudlaşmaya bilər.
Pekin qlobal iqtisadiyyatda mövqeyini qorumaq və daxili təzyiqlərlə mübarizə aparmaq üçün ticarət, texnologiya və geosiyasi imkanlarından daha geniş istifadə edə bilər.
Belə bir dünyada ABŞ hər zamankından daha çox etibarlı müttəfiqlər şəbəkəsinə ehtiyac duyur. Lakin üzvlərinin ABŞ-ın gələcək öhdəliklərinə tam əmin olmadığı şəbəkə artıq Vaşinqtonun əvvəlki onilliklərdə formalaşdırdığı sistemlə eyni deyil.
Bu səbəbdən NATO-nun qəfil dağılmasını və ya ABŞ-ın Yaponiya və Cənubi Koreya ilə ittifaqlarının sona çatmasını gözləmək doğru olmaz. Belə bir ssenari nə real görünür, nə də ABŞ-ın bir çox müttəfiqlərinin maraqlarına uyğundur.
Baş verən proses daha incə və bəlkə də buna görə daha əhəmiyyətlidir: ittifaqların mahiyyəti dəyişir.
ABŞ-ın müttəfiqləri böyük ehtimalla qalacaq, lakin daha müstəqil olacaqlar. Vaşinqtonla əməkdaşlığı davam etdirəcək, eyni zamanda alternativ imkanlar da formalaşdıracaqlar. ABŞ-ın təhlükəsizlik çətirindən istifadə etməklə yanaşı, özlərinin də təhlükəsizlik imkanlarını gücləndirməyə çalışacaqlar.
Bu, bəlkə də Trampın siyasi irsi üçün ən böyük sınaq olacaq.
Əgər Trampdan sonra ABŞ müttəfiqlərinin etimadını yenidən qazana bilsə, “Əvvəlcə Amerika” siyasəti ölkənin ittifaqlar tarixində sadəcə gərgin bir dövr kimi qiymətləndirilə bilər.
Lakin yaranmış etimadsızlıq institusional xarakter alarsa, keçmişə qayıtmaq artıq mümkün olmaya bilər.
Bu halda söhbət ABŞ-ın ittifaqlarının sona çatmasından deyil, ABŞ-ın həmin ittifaqlarda rəqibsiz qərarverici mərkəz olduğu dövrün sona çatmasından gedəcək.
Əgər belə olarsa, ABŞ-ın ənənəvi ittifaqları üçün ən böyük təhlükə xarici düşmən deyil, müttəfiqlərinin düşüncəsində baş verən dəyişiklik olacaq.
Çünki onlar artıq əmin deyillər ki, Amerikanın sabahı bu günkü Amerika kimi olacaq.
Ehsan Şeyxun