0
Tuesday 1 September 2026 - 20:47

“İqtisadi müharibə” Trampın İrana qarşı son gülləsidir

Story Code : 1303011
“İqtisadi müharibə” Trampın İrana qarşı son gülləsidir
ABŞ-ın hərbi güc nümayiş etdirərək İranla bağlı məqsədlərinə nail olması üçün başlatdığı müharibədən altı ay sonra Vaşinqton yenidən daha tanış və zahirən daha az xərc tələb edən vasitəyə – iqtisadiyyata müraciət edir.
Bombalar Ağ Evin gözlədiyi siyasi nəticəni təmin edə bilmədi. Diplomatiya və iqtisadi vədlər də Tehranın ABŞ-ın bütün tələblərini qəbul etməsinə nail olmadı. İndi isə sanksiyaların hərbi hücumların və iqtisadi təşviqlərin edə bilmədiyi işi görəcəyi gözlənilir.
Məntiq sadədir: İranı bombalarla geri çəkilməyə məcbur edə bilmirsənsə, onun iqtisadiyyatını hədəfə al. Neft gəlirlərini məhdudlaşdır, beynəlxalq bank sisteminə çıxışı bağla, ticarəti çətinləşdir, neft alıcılarını təhdid et və İranla hər bir xarici ticarət əməliyyatının xərcini artır. Nəticədə Tehran müqaviməti davam etdirməklə iqtisadiyyatını qorumaq arasında seçim etməli olacaq.
Bu məntiq iqtisadi baxımdan başadüşüləndir.
İran uzun illərdir sanksiyalar, inflyasiya, milli valyutanın dəyərdən düşməsi, investisiyaların azalması, eləcə də xarici texnologiya və kapitala çıxış məhdudiyyətləri ilə üzləşir. Lakin xarici siyasət sahəsində iqtisadi hesablamalar heç də həmişə iqtisadiyyat dərsliklərindəki kimi işləmir.
Vaşinqtonun əsas fərziyyəsi budur ki, xərclərin artırılması İranın davranışını dəyişəcək. Problem isə ondadır ki, son dörd onillikdə İranın təcrübəsi belə bir birbaşa əlaqəni təsdiqləmir.
Sanksiyalar dəfələrlə İran iqtisadiyyatına ciddi təzyiq göstərib, lakin iqtisadi təzyiq avtomatik olaraq Tehranın siyasi və ya təhlükəsizlik hesablamalarının dəyişməsinə gətirib çıxarmayıb.
Məhz burada “maksimum təzyiq” siyasəti köhnə problemlə üzləşir: Vaşinqton müqavimətin qiymətini artıra bilər, lakin Tehranın bu qiyməti necə şərh edəcəyini müəyyənləşdirə bilməz.

Sanksiya, yoxsa təslimçilik?
ABŞ üçün sanksiyalar cəlbedici vasitədir. Çünki birbaşa müharibədən fərqli olaraq, minlərlə quru qoşununun göndərilməsini və genişmiqyaslı müharibənin siyasi xərclərini tələb etmədən təzyiq göstərməyə imkan verir.
Sanksiyalar həmçinin Vaşinqtona təzyiqi mərhələli şəkildə artırmaq imkanı verir: bank və neft sektorundan tutmuş gəmiçilik şirkətlərinə, ticarət vasitəçilərinə və hətta İranla əməkdaşlıq edən ölkələrə qədər.
Lakin məhz bu xüsusiyyət sanksiyaların zəif nöqtəsinə də çevrilə bilər.
İqtisadi təzyiq o zaman effektiv olur ki, qarşı tərəf davranışını dəyişdirməklə təzyiqin sona çatacağına inansın. Əgər bir hökumət təzyiqin əsas məqsədinin hakimiyyət dəyişikliyi və ya onun güc vasitələrindən tamamilə məhrum edilməsi olduğuna inanırsa, geri çəkilməkdənsə müqaviməti daha məntiqli hesab edə bilər.
İran son illərdə dəfələrlə belə vəziyyətlə üzləşib.
Sanksiyalar iqtisadiyyatın kiçilməsinə və insanların həyatının çətinləşməsinə səbəb olsa da, eyni zamanda qeyri-rəsmi ticarət şəbəkələrinin, vasitəçilərin, örtük şirkətlərinin, alternativ maliyyə kanallarının və Çin kimi ölkələrlə əməkdaşlığın formalaşmasına gətirib çıxarıb.
Son hesabatlar da ABŞ-ın yeni təzyiq tədbirlərinin məhz sanksiyalardan yayınma mexanizmlərinə və neft ticarəti şəbəkələrinə yönəldiyini göstərir.
Bu isə o deməkdir ki, sanksiyalar İran üçün artıq naməlum hadisə deyil. Tehran onilliklər ərzində bu şəraitdə yaşamağın və alternativ mexanizmlər formalaşdırmağın yollarını öyrənib.
Sanksiyalar dövlət gəlirlərini azalda, investisiyaları uzaqlaşdıra, texnologiya idxalını çətinləşdirə və əhalinin sosial-iqtisadi vəziyyətinə təzyiqi artıra bilər. Lakin əsas məsələ iqtisadi təsirlə siyasi nəticənin eyni şey olmamasıdır.
Vaşinqtonun daha az danışdığı məqam da məhz budur.
Tutaq ki, ABŞ İranın neft ixracını azalda, daha çox bank və maliyyə qurumuna sanksiya tətbiq edə, İranın Çin, Türkiyə, BƏƏ və digər ticarət tərəfdaşları ilə əlaqələrini daha bahalı və çətin edə bildi. Nəticə, böyük ehtimalla, daha güclü iqtisadi təzyiq olacaq.
Amma bunun siyasi nəticəsinin mütləq Ağ Evin istədiyi istiqamətdə olacağına zəmanət yoxdur.
Hətta nəticə əksinə də ola bilər.

Vaşinqtonun cavablandırmalı olduğu əsas sual
ABŞ-ın iqtisadi strategiyasının ən mühüm zəifliyi bəlkə də təzyiq göstərmək imkanının məhdudluğu deyil, Vaşinqtonun sadə bir suala cavab verə bilməməsidir:

İran geri çəkilərsə, onu nə gözləyir?
Son aylarda ABŞ bir daha göstərdi ki, hərbi təhdiddən iqtisadi təşviqə, iqtisadi təşviqdən isə yenidən hərbi və maliyyə təzyiqinə keçə bilər.
İyun ayında Tehran və Vaşinqton arasında Hörmüz boğazının açıq saxlanılması və İranın nüvə fəaliyyətinə müəyyən məhdudiyyətlər müqabilində bəzi iqtisadi güzəştləri nəzərdə tutan razılaşma əldə olunmuşdu. Lakin bu razılaşma davamlı olmadı və iyul ayında Hörmüz ətrafında qarşıdurma yenidən şiddətləndi.
Bu gediş-gəliş İranlı danışıqlar aparan tərəf üçün təhlükəli mesaj yaradır: əgər bu gün əldə olunan razılaşma sabah yenidən sanksiya və ya hərbi hücumla qarşılaşa bilərsə, Tehran niyə bu gün ağrılı güzəştlərə getsin?
Burada etimad məsələsi xüsusi əhəmiyyət daşıyır.
Vaşinqton hüquqi baxımdan sanksiyaları ləğv edə bilər, lakin həmin sanksiyaların bir neçə ay sonra yenidən tətbiq edilməyəcəyinə dair Tehranın etimadını bərpa etmək o qədər də asan deyil.
İran keçmiş təcrübəsindən nəticə çıxarıb.
Bu məsələ Hörmüz boğazına münasibətdə daha da ciddi xarakter alır.
Vaşinqton İranın Hörmüzü açıq saxlamasını istəyir və eyni zamanda iqtisadi və dəniz rıçaqlarından istifadə etməklə Tehranın öz tələblərini qəbul etməsinə nail olmağa çalışır.
İran isə Hörmüz boğazına yalnız iqtisadi məsələ kimi baxmır. Tehran üçün bu boğaz həm də strateji rıçaqdır.
Hər iki tərəf anlayır ki, Hörmüzdə yaranacaq ciddi pozuntu yalnız İrana zərər vurmayacaq. Bu vəziyyət qlobal enerji bazarına və ABŞ-ın Fars körfəzindəki müttəfiqlərinin iqtisadiyyatına da ciddi təzyiq göstərə bilər.
Hətta son günlər Tehran və Maskat arasında Hörmüzdə müvəqqəti keçid dəhlizinin yaradılması ilə bağlı danışıqların neft qiymətlərinin azalmasına təsir göstərməsi də bu boğazın tərəflərin hesablamalarında hələ də mühüm rıçaq olaraq qaldığını göstərir.
Nəticədə ABŞ-ın iqtisadi təzyiqi İranı çətin vəziyyətə sala bilər, lakin onu avtomatik olaraq daha itaətkar etməz.
Bu fərq ciddi şəkildə nəzərə alınmalıdır.
Vaşinqton İranın valyuta ehtiyatlarını azalda, neft ixracını məhdudlaşdıra və xarici ticarətin xərcini artıra bilər. Lakin heç bir iqtisadi alqoritm hökumətin hansı konkret məqamda “təslim olacağını” müəyyən edə bilməz.
Hökumətlər adətən mövcud siyasətdən geri çəkilirlər o zaman ki, əvvəlki kursu davam etdirməyin xərci siyasəti dəyişməyin xərcindən daha yüksək olur.
Lakin bu xərc yalnız puldan ibarət deyil.
Nüfuz, təhlükəsizlik, siyasi hakimiyyətin və dövlətin davamlılığı, milli qürur, gələcək perspektiv və liderlərin qarşı tərəfin niyyətinə dair təsəvvürləri də bu hesablamaya daxildir.
Əgər İran rəhbərliyi geri çəkilmənin təhlükəsizlik və ya siyasi sabitliyin itirilməsi ilə nəticələnəcəyinə inanarsa, müqaviməti seçməyə davam edə bilər.
Məhz bu məqam “maksimum təzyiq” siyasətini bir qumara çevirir.
ABŞ təzyiqi “son həddə” qədər artıra bilər, lakin qarşı tərəfin həmin son həddə hansı qərarı verəcəyini müəyyənləşdirə bilməz.

Çin amili hesablamaları daha da mürəkkəbləşdirir
Çin İran neftinin əsas alıcılarından biri və ölkənin xarici ticarətinin əsas istiqamətlərindən biridir. Buna görə Vaşinqton təzyiqi real şəkildə gücləndirmək istəyirsə, müəyyən mənada Çinin iqtisadi şəbəkələri ilə də qarşı-qarşıya gəlməli olacaq.
Lakin eyni zamanda ABŞ Pekinlə daha böyük strateji rəqabəti idarə edir və İran-Çin iqtisadi əlaqələri ilə bağlı bütün kanalları heç bir xərc çəkmədən bağlamaq imkanına malik deyil.
Nəticə etibarilə ABŞ strategiyasının əsas problemi budur ki, Vaşinqton dəfələrlə “iqtisadi ağrı”nı “siyasi məğlubiyyət”lə səhv salıb.
Sanksiyalar İran iqtisadiyyatını kiçildə bilər. İnsanların həyatını çətinləşdirə bilər. Dövlət qarşısında resurs çatışmazlığı və mürəkkəb seçimlər yarada bilər.
Lakin bunların heç biri öz-özlüyündə Tehranın Vaşinqtonun müəyyən etdiyi yerdə dayanacağına zəmanət vermir.
Bəlkə də son altı ayın əsas dərsi məhz budur.
ABŞ üç vasitəni sınaqdan keçirib: müharibə, təşviq və təzyiq.
Onların heç biri təkbaşına İran məsələsini həll edə bilməyib.
İndi Vaşinqton yenidən sanksiyalara üz tutur və iqtisadiyyatın raketlərin və danışıqların edə bilmədiyini edə biləcəyinə ümid edir.
Lakin bəlkə də ən təhlükəli məqam Vaşinqtonun İranın təslim olmaq üzrə olduğunu düşündüyü zaman ortaya çıxa bilər.
Çünki Tehran bəlkə də təslim olmur, sadəcə müqavimətin başqa formasını seçir.
Dariuş Dadgər
 
Tagged
abş
Comment