0
Monday 26 January 2026 - 15:47

Kobanidə QSD ilə əl-Colaninin üsyançıları arasında ağır toqquşmalar

Story Code : 1260223
Kobanidə QSD ilə əl-Colaninin üsyançıları arasında ağır toqquşmalar
Atəşkəsin elan olunmasından cəmi iki gün sonra, bazar ertəsi günü sübh saatlarından etibarən Kobani (Ayn əl-Ərəb) şəhərinin cənub-şərqində Suriya Demokratik Qüvvələri (QSD) ilə Dəməşqdə hakim olan üsyançılar arasında ağır döyüşlər başlayıb.
QSD yaydığı bəyanatda bildirib ki, Əbu Məhəmməd əl-Colaniyə bağlı üsyançılar bir neçə istiqamətdən “Xərab Aşiq” və “əl-Cəlbiyə” kəndlərinə genişmiqyaslı hücumlar təşkil ediblər. Hücumlar yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması ilə müşayiət olunub.
Suriya Demokratik Qüvvələrinin İnformasiya Mərkəzi xəbər verib ki, onların qüvvələri bu hücuma qarşı müqavimət göstərib və toqquşmalar xüsusilə əl-Cəlbiyə bölgəsində davam edir. Məlumata görə, əl-Colaniyə bağlı üsyançılar zirehli texnika (tanklar) və Türkiyəyə məxsus pilotsuz uçuş aparatlarının geniş iştirakı ilə bölgəyə daxil olublar. QSD bu hücumları atəşkəs razılaşmasının açıq şəkildə pozulması kimi qiymətləndirib.
Digər tərəfdən, əl-Colani üsyançılarının hökumətinə bağlı Müdafiə Nazirliyinin İnformasiya İdarəsi bazar günü QSD-ni Ayn əl-Ərəb ətrafındakı mövqelərindən 25-dən çox FPV tipli kamikadze pilotsuz aparat buraxmaqda ittiham edib. Bildirilir ki, bu PUA-lar bazar günü axşam saatlarında Sırin bölgəsində yaşayış evlərini hədəfə alıb və nəticədə bir neçə mülki şəxs yaralanıb. Əl-Colani üsyançıları həmin pilotsuz aparatların bir neçəsinin vurulduğunu açıqlayıblar.
Əl-Colani üsyançıları bazar ertəsi günü Ayn əl-Ərəb istiqamətində 24 yük maşınından ibarət bir “yardım karvanı”nın, eləcə də Qamışlı istiqamətində 32 yük maşınından ibarət başqa bir karvanın göndəriləcəyini vurğulayaraq, digər tərəfləri bu yardımların yolunda maneə yaratmamağa çağırıblar.
 
Comment