0
Monday 13 April 2026 - 18:52

Gəncədə daha bir məktəb hicablı şagirdləri təhsildən kənarlaşdırdı – “yuxarıdan tapşırıq” dalğası Gəncəyə də çatdı

Story Code : 1274484
Gəncədə daha bir məktəb hicablı şagirdləri təhsildən kənarlaşdırdı – “yuxarıdan tapşırıq” dalğası Gəncəyə də çatdı
“Dalğa” böyüyür, susanların sayı artır
Hicab qadağası artıq tək-tək məktəb direktorlarının “şəxsi qərarı” olmaqdan çıxıb. Sumqayıt (15 saylı, 17 saylı), Abşeron (1, 3, 4 saylı), Saatlı (1, 2, 4 saylı), Bakı (Mehdiabad qəsəbəsi, 3 saylı) və indi də Gəncə (10 saylı) – şəhərlərin siyahısı uzanır. Direktorlar artıq gizlənmir: “yuxarıdan tapşırıq” deyə açıq deyirlər. Yəni bu, sistemli, planlı, mərkəzləşdirilmiş siyasətdir.

Kimin təhsil hüququ, kimin dəyərləri? Bu qadağalar fonunda maraqlı suallar yaranır:
Məktəblərdə yəhudi uşaqlar kipa (dini papaq) ilə dərsə buraxılırsa, niyə müsəlman uşaqlar hicabla buraxılmır? · Dini məktəblərdə Tövrat tədris olunursa, niyə müsəlman uşaqların dini inanclarını ifadə etmək hüququ pozulur? · “Dünyəvi təhsil” bəhanəsi ilə niyə yalnız müsəlmanların dini simvolu hədəf alınır? Bu, artıq “məktəbli geyimi” deyil, açıq-aşkar dini ayrı-seçkilikdir. Hicablı şagirdlərin sayı: 100-dən çox və artır Martın əvvəlindən bu günə qədər hicab səbəbindən təhsildən kənarlaşdırılan qız uşaqlarının sayı artıq 100-ü keçib. Əlaçı şagirdlər, fəal qızlar – onların günahı nədir? Sadəcə Allahın əmrinə əməl edirlər. Və buna görə təhsil hüququndan məhrum edilirlər.

Valideynlər: “Qanun varmı? Göstərin!”
Valideynlər dəfələrlə Təhsil Nazirliyinə, Ombudsmana, Regional Təhsil İdarələrinə müraciət ediblər. Cavab ya sükut, ya da “15 gün gözləyin” olub. Heç bir rəsmi sənəd, heç bir qanun, heç bir qərar yoxdur. Yalnız “yuxarıdan tapşırıq” deyən qorxmuş direktorlar və onların dalğası.

Suallar cavab gözləyir:
1. Təhsil Nazirliyi niyə susur? 2. Ombudsman niyə səmərəsizdir? 3. “Yuxarı” haradadır? Kim bu tapşırığı verir? 4. Niyə yəhudi məktəblərində dini geyimə toxunulmur, müsəlman məktəblərində isə qadağa qoyulur? Bu suallara cavab verilməyəcək – çünki cavablar gün işığına çıxsa, ayrı-seçkilik siyasəti ifşa olar.

Susmaq günahdır
Hicablı şagirdlərə qarşı bu sistemli təzyiq, Azərbaycanın beynəlxalq aləmdə “tolerant” imicinə ağır zərbədir. Hər bir vicdan sahibi – istər başıaçıq, istər hicablı – bu ədalətsizliyə qarşı səs qaldırmalıdır. Çünki bu gün hicablı qızları susdururlarsa, sabah başqa bir qrupun azadlığını boğacaqlar. Valideynlər, müəllimlər, ziyalılar – susmayın! Bu uşaqların təhsil hüququ döyüşməyə dəyər.
Comment


Related files