Sənaanın təhlükəsizlik qurumları ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə əlaqəli casusluq şəbəkəsinin zərərsizləşdirildiyini açıqlayıb. Bu, bir neçə ay ərzində ikinci, 2024-cü ilin sonlarından bəri isə beşinci şəbəkədir.
Məlumata görə, bu şəbəkə üzvlərinin hərbi qurumlarda yer alması və əksəriyyətinin Yəmən ordusunun keçmiş zabitləri olması səbəbindən xüsusi və həssas şəbəkə hesab olunur.
Sənaa hökumətinin Daxili İşlər Nazirliyi dünən bu casusluq şəbəkəsi barədə təfərrüatlar yayıb və vizual media vasitəsilə bəzi üzvlərin etiraflarını nümayiş etdirib. Həmin şəxslər Vaşinqton və Təl-Əvivin xeyrinə məlumat topladıqlarını, hədəfləri müəyyən etdiklərini və bir sıra həyati, təhlükəsizlik və hərbi obyektlərin koordinatlarını qeydə aldıqlarını təsdiqləyiblər.
Rəsmi “Səba” agentliyinin yaydığı Daxili İşlər Nazirliyinin bəyanatına görə, bu qurum qabaqcıl təhlükəsizlik əməliyyatı nəticəsində ABŞ kəşfiyyatı, İsrailin Mossadı və Səudiyyə Ərəbistanı kəşfiyyatının ortaq əməliyyat otağının nəzarəti altında fəaliyyət göstərən, qərargahı isə Səudiyyə torpaqlarında yerləşən bu casusluq şəbəkəsinin üzvlərini həbs etməyə nail olub.
Bəyanatda deyilir: “Düşmən lazımi məlumatlara çıxış imkanı olan hərbi şəxsləri və digər insanları cəlb edib işə götürürdü. Onlardan bəziləri Riyada çağırılıb ki, Səudiyyəli və xarici kəşfiyyat zabitləri ilə görüşsünlər; sonra isə onlara casusluq fəaliyyəti üçün lazım olan avadanlıqlar verilib və təlim keçiblər.”
Daxili İşlər Nazirliyi izah edib: “Bu casusluq şəbəkəsinin üzvləri tapşırıqlarını yerinə yetirmək üçün müxtəlif üsullardan istifadə edirdilər. O cümlədən ictimai məclis və mərasimlərdən dolayı yollarla məlumat əldə etmək, dövlət işçiləri və ya onların yaxınları ilə əlaqə quraraq ölkənin hərbi imkanları, hərbi və mülki rəhbərlərin hərəkətləri, iclaslar, iş yerləri və yaşayış məkanları barədə maksimum məlumat toplamaq.”
Bu, Sənaanın ilk dəfə deyil ki, qərargahı Səudiyyə torpaqlarında yerləşən əməliyyat otağı tərəfindən idarə olunan casusluq şəbəkəsinin tutulduğunu elan etməsidir. Bundan əvvəl də Riyadda fəaliyyət göstərən ortaq əməliyyat otaqlarının nəzarəti altında olan iki şəbəkə (biri Amerika-İsrail, digəri Amerika-Britaniya-Səudiyyə) saxlanılıb. Həmçinin ötən ilin noyabrında və cari ilin may ayının əvvəlində birdən çox şəbəkə zərərsizləşdirilib.
Bundan əlavə, Sənaanın Təhlükəsizlik və Kəşfiyyat qurumu cari ilin 4 aprelində düşmən İsrailin xeyrinə informasiya sızması yaratmağa çalışan bir sıra şəxslərin tutulduğunu açıqlamışdı.
Həmin vaxt Daxili İşlər Nazirliyinə bağlı “Təhlükəsizlik Məlumat Mərkəzi”nin bəyanatında deyilirdi: “Tutulan şəxslər birbaşa İsrail düşməninin hərbi kəşfiyyat təşkilatı (Aman), Mossad və digər İsrail qurumları ilə əməkdaşlıq edirdilər.”
Son iki ildə ivritdilli media, o cümlədən təhlükəsizlik sahəsində ixtisaslaşmış “Walla” saytı Yəməndə düşmənin “kəşfiyyat korluğu”ndan yazıb. Sayt etiraf etmişdi ki, sionist rejim “Husilərin nəzarətində olan bölgələrdə kəşfiyyat nüfuzu əldə etmək üçün böyük səylərə ehtiyac duyur.”
Bu çərçivədə, “Maariv” qəzeti ötən ilin əvvəlində xəbər vermişdi ki, düşmən rəsmiləri Mossad üzvlərinə Yəmən ləhcəsində danışmağı, Yəmənin mədəni və qəbilə quruluşunu anlamağı öyrətmək üçün xüsusi təlim sinfi yaradıblar.
Son aylarda bu təlim kursunun iştirakçıları sosial şəbəkələr vasitəsilə məlumat toplamağa və internet fəallarını aldatmağa çalışıblar; onlar özlərini Qəzzə sakini kimi təqdim edib, ərəb mənşəli saxta adlar seçiblər. Lakin bu cəhdlər Yəmənin təhlükəsizlik qurumları tərəfindən müəyyən olunub və aidiyyəti qurumlar bu istiqamətdə təhlükəsizlik maarifləndirmə kampaniyası keçiriblər.