Sionistlərin etirafına görə, Livan müqaviməti ölkənin cənubunda işğalçılara qarşı yeni tənliklər qəbul etdirməkdədir.
İşğalçı İsrail ordusunun zabitləri xəbərdarlıq edirlər ki, Hizbullahın partizan taktikalarından (qeyri-müntəzəm qüvvələr) geniş istifadəsi səbəbilə Cənubi Livandakı vəziyyət böhranlıdır və getdikcə pisləşir.
İsrailli zabitlər etiraf edirlər ki, Cənubi Livandakı vəziyyət onların “strateji zəif nöqtəsinə” çevrilə bilər. Bu zabitlərin sözlərinə görə, guya “təhlükəsizlik kəməri”nin gücləndirilməsinə baxmayaraq, tam sərbəst fəaliyyət imkanı ilə gündəlik heç bir əməliyyat yoxdur və ordu yalnız müdafiə fəaliyyətlərinə fokuslanıb.
Onlar həmçinin vurğuladılar ki, Hizbullah maksimum səviyyədə partizan müharibəsi, PUA-lar, dolayı atəşlər və tank əleyhinə raketlərdən istifadə edir. Bu proses davam edərsə, İsrail ordusu sahədə geridə qalacaq.
Digər tərəfdən, Livan parlamentində Hizbullahın nümayəndəsi Hüseyn əl-Hac Həsən, Hizbullahın işğalçılara qarşı intensiv əməliyyatları barədə danışarkən, Trampın Cənubi Livanda iddia etdiyi atəşkəsin dəfələrlə pozulmasına işarə edərək dedi: “İsrail düşməni atəşkəsə sadiq qaldığı zaman biz də sadiq qalacağıq; əks halda cavab vermək bizim qanuni haqqımızdır.”
O, Beyrutun ABŞ və İsrail qarşısındakı siyasətinə və Livanda müharibəni dayandırmaq üçün praktiki addımların atılmamasına istehza ilə əlavə etdi: “ABŞ-a həddindən artıq yaltaqlanmaq və ona ardıcıl güzəştlər vermək Livanı daha çox çıxılmaz vəziyyətlərə aparacaq.”
Bu arada, bu gün səhər həmin media orqanları işğalçılar üçün Cənubi Livanda yeni təhlükəsizlik hadisəsinin baş verdiyini etiraf etdilər. İşğalçı ordu müqavimətin uğurlu əməliyyatları və qüvvələrinin ölən-yaralanması hallarını adətən “təhlükəsizlik hadisəsi” adlandırır.
İvritdilli media məlumat verir ki, Cənubi Livanda bir neçə İsrail əsgəri yaralanıb və helikopterlə işğal olunmuş ərazilərə aparılıb.
Bu vaxt işğalçıların Cənubi Livana hücumları da davam edir. Bu gün sübh saatlarından indiyədək İsrailin əl-Luveyzə, Ayn Bəal və Şəvkin qəsəbələrinə hava hücumları nəticəsində azı 8 livanlı şəhid olub, 10 nəfər yaralanıb.
İşğalçı ordu daha bir neçə qəsəbə və kəndə hava hücumları həyata keçirib.