Kuba Prezidenti: Təcavüzkara qarşı sərt müqavimət göstərəcəyik
Story Code : 1278185
Kuba Prezidenti Migel Dias-Kanel “X” sosial şəbəkəsində paylaşdığı mesajda yazıb ki, ABŞ prezidenti Kubaya qarşı hərbi əməliyyatla bağlı təhdidləri “təhlükəli və görünməmiş səviyyəyə” qaldırıb.
O, beynəlxalq ictimaiyyəti bu məsələni ciddi qəbul etməyə və Amerika xalqı ilə birlikdə belə bir addımın mümkün nəticələri barədə düşünməyə çağırıb.
Dias-Kanel vurğulayıb ki, bu təhdidlər qisasçı və hegemonluq niyyətli “kiçik, lakin varlı və nüfuzlu bir qrupun” maraqlarını təmin etmək məqsədi daşıyır.
Kuba Prezidenti əlavə edib: “Heç bir təcavüzkar, nə qədər güclü olsa da, Kubada təslimiyyət əldə edə bilməyəcək. O, milli torpağın hər qarışında suverenliyini və müstəqilliyini müdafiə etməyə qərarlı bir xalqla üzləşəcək.”
Dias-Kanel dünən də ABŞ-ın Kubaya qarşı hərtərəfli mühasirəsini sərt şəkildə pisləyərək bunu, Kubaya qarşı tətbiq edilən vəhşi sanksiyaların və soyqırımı xarakterli siyasətin gücləndirilməsi kimi qiymətləndirib; bu siyasətin geniş humanitar və iqtisadi nəticələri olduğunu bildirib.
O, “X” sosial şəbəkəsində yazıb ki, bu addımlar “ABŞ xalqının və bütün beynəlxalq ictimaiyyətin hisslərinə və ağlına qarşı təhqir, həmçinin mənəvi iflasın göstəricisidir.”
O əlavə edib: “Heç bir dürüst insan Kubanın ABŞ üçün təhdid olduğu bəhanəsini qəbul edə bilməz.”
Kanelin müqavimət və təslim olmamaq barədə vurğuları, Donald Trampın dünən yenidən özünü Kubanın xilaskarı kimi təqdim etməsindən sonra gəlib. Tramp bildirib ki, ABŞ-a məxsus bir təyyarədaşıyan gəmi “İrandan qayıdarkən” bu ada ölkəsinin sahilləri yaxınlığında yerləşdirilə bilər ki, Kuba təslim olmağa məcbur edilsin.
ABŞ prezidenti bu barədə deyib ki, Birləşmiş Ştatlar Kubaya “demək olar dərhal” nəzarəti ələ keçirəcək və Amerika təyyarədaşıyan gəmisinin bu ada ölkəsinin sahillərinə yaxın yerləşdirilə biləcəyini qeyd edib.
Tramp Floridada çıxışı zamanı deyib: “Kuba — biz onun üzərində demək olar dərhal nəzarəti ələ keçirəcəyik” və iddia edib ki, “kubalıların problemi var.”
Tramp cümə günü də Kuba ilə əlaqəli şəxslər və qurumlara qarşı yeni sanksiyalar nəzərdə tutan icra sərəncamı imzalayıb və bunu ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasətinə qarşı təhdidlərlə əsaslandırıb.
O, dəfələrlə bildirib ki, Kuba İrana qarşı hərbi əməliyyatdan sonra “növbəti hədəfdir” və Karib dənizində yerləşən bu ada “tezliklə” süqut edəcək.