Fransa: İsrailin Livan torpaqlarını işğal etməsinin heç bir bəraəti yoxdur
Story Code : 1283489
Fransanın xarici işlər naziri Jan-Noel Barro Fransa televiziyasına açıqlamasında deyib: “İsrailin Livan ərazisinin dərinliklərində hərbi əməliyyatlarını və uzunmüddətli işğalçılığını davam etdirməsini heç nə əsaslandıra bilməz.” Bu bəyanat İsrail ordusunun son iyirmi ildə Livan ərazisinə ən dərin nüfuzundan sonra səsləndirilib.
Bu gün səhər saatlarında (Tehran vaxtı ilə) Parisin müraciəti əsasında BMT Təhlükəsizlik Şurasının Livana qarşı İsrail təcavüzünü müzakirə etmək üçün iclası keçirilib. İclasda BMT Baş katibinin müavini Livandakı vəziyyəti ciddi narahatlıq doğuran hal kimi qiymətləndirərək bildirib ki, İsrail hərbçilərinin Mavi Xəttin şimalında mövcudluğu BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin pozulmasıdır.
Fransanın nümayəndəsi də iclas zamanı vurğulayıb ki, İsrailin Livandakı hərbi əməliyyatlarını davam etdirməsinə heç bir bəraət yoxdur və əlavə edib: “İsrailin Livan torpaqlarına artan müdaxiləsi böyük strateji səhvdir.”
Bazar ertəsi Benyamin Netanyahu və sionist rejimin müdafiə naziri İsrael Kats birgə bəyanatda “atəşkəsin dəfələrlə pozulmasına cavab olaraq Beyrutun Dahiya bölgəsində Hizbullahın hədəflərini bombardman edəcəkləri” ilə hədələyiblər.
Buna cavab olaraq İranın xarici işlər naziri Abbas Əraqçi X sosial şəbəkəsində paylaşdığı mesajda xəbərdarlıq edib ki, İsrailin Livandakı hərəkətləri ABŞ və İran arasında əldə olunmuş atəşkəsin pozulması deməkdir və ABŞ ilə İsrail bunun nəticələrini qəbul etməlidirlər.
Bundan sonra İran rəsmilərinin xəbərdarlıq etdiyi barədə məlumatlar yayılıb. Həmin məlumatlara görə, İsrail Livandakı hücumlarını dayandırmayınca ABŞ ilə heç bir danışıqlar aparılmayacaq.
Xatəmül-Ənbiya Mərkəzi Qərargahı da xəbərdarlıq edib ki, əgər sionist rejim Beyrutun Dahiya bölgəsini bombalamaq hədəsini həyata keçirərsə, işğal altındakı ərazilərin şimal hissəsində yaşayanlar həmin bölgəni tərk etməlidirlər.
Bir neçə saat sonra Donald Tramp Netanyahu ilə telefon danışığı aparıb. Bundan sonra o, öz sosial şəbəkəsində İsrail və Hizbullahın qarşılıqlı hücumları dayandıracağını iddia edib.