ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) yaydığı bəyanatda iddia edib: “ABŞ qüvvələri İranın Yaxın Şərq boyunca hücum cəhdlərinə cavab olaraq bir neçə İran ballistik raketini və pilotsuz uçuş aparatını uğurla zərərsizləşdirib, həmçinin Qeşm adasına qarşı müdafiə xarakterli əməliyyatlar həyata keçirib”.
CENTCOM daha sonra bildirib: “İran qonşu ölkələr istiqamətində bir neçə ballistik raket atıb, lakin onlar hədəflərinə çatmayıblar. Küveytə doğru buraxılan iki İran raketi ya nəzərdə tutulan hədəfə çatmayıb, ya da uçuş zamanı məhv edilib. ABŞ və Bəhreyn hava hücumundan müdafiə qüvvələri isə Bəhreyn istiqamətində atılmış üç raketi dərhal zərərsizləşdiriblər”.
Bəyanatda həmçinin iddia olunur: “Bundan bir qədər əvvəl ABŞ qüvvələri İran tərəfindən beynəlxalq sularda qanuni şəkildə hərəkət edən mülki dənizçilərə qarşı buraxılmış üç hücum pilotsuz aparatını vurub. ABŞ qüvvələri eyni zamanda Qeşm adasında yerləşən İranın hərbi yerüstü idarəetmə məntəqəsinə qarşı müdafiə əməliyyatları həyata keçiriblər”.
Bir neçə saat əvvəl ABŞ ordusu Xark adasına doğru hərəkət edən Botsvana bayraqlı bir neft tankerini hədəfə almışdı. İran İslam Respublikası isə bu addıma cavab olaraq Bəhreyn və Küveytdə yerləşən ABŞ hərbçilərinin mövqelərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücum etmişdi.