Ərəb KİV-ləri səhər saatlarında Küveytdə xəbərdarlıq siqnallarının və hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyini, həmçinin müxtəlif bölgələrdə partlayış səslərinin eşidildiyini xəbər veriblər.
Bir neçə dəqiqə sonra Küveyt Müdafiə Nazirliyi rəsmi bəyanat yayaraq qeyd edib: “Biz düşmən raketləri və pilotsuz uçuş aparatlarının hücumuna məruz qalırıq”.
“Əl-Cəzirə” telekanalı nazirliyin bəyanatına istinadən bildirib: “Hava hücumundan müdafiə sistemləri düşmən hədəfləri ilə qarşıdurmaya girib. Vətəndaşlar aidiyyəti qurumların təhlükəsizlik və mühafizə ilə bağlı tövsiyələrinə əməl etməlidirlər”.
Bəzi ərəb mənbələrinin məlumatına görə, Küveytin cənubundakı Əs-Surra şəhərində və ABŞ hərbçilərinin yerləşdiyi Əli əs-Salim Hərbi Hava Bazasında partlayışlar baş verib.
Həmçinin Ərifcan bazasının ballistik raketlə vurulduğu bildirilir.
Yerli mənbələr Küveytdə hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini və küçələrdən birinə düşən raket əleyhinə müdafiə raketinin görüntülərini də yayıblar.
Bir neçə dəqiqə sonra ərəb KİV-ləri yenidən Küveytə hava hücumu edildiyini və təhlükə siqnallarının təkrar işə salındığını xəbər veriblər.
Məlumatlara görə, ilk hücum zamanı ABŞ bazaları istiqamətində üç ballistik raket, ikinci hücum zamanı isə daha iki raket buraxılıb.
Bundan bir neçə saat əvvəl ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) İran istiqamətində hərəkət edən Botsvana bayraqlı boş neft tankerinin mühərrik bölməsini hədəfə aldığını açıqlamışdı.