İvritdilli Kan telekanalının məlumatına görə, rejimin yüksək səviyyəli kəşfiyyat rəsmiləri və Cənub Cəbhəsinin komandanlığı ötən həftə Baş Qərargah rəisi Eyal Zamirə Qəzza cəbhəsi ilə bağlı xəbərdarlıqlar ediblər.
Bu xəbərdarlıqlarda bildirilir ki, “HƏMAS-ın hərbi qanadı yenidən müharibəyə hazırlaşmaq üçün sıralarını bərpa edir. HƏMAS hər ay yüzlərlə yolkənarı partlayıcı qurğu və tank əleyhinə raket istehsal edir. Bundan əlavə, 18–22 yaş arasında olan döyüşçüləri öz sıralarına cəlb edir.”
Məlumata görə, HƏMAS son vaxtlar özünün “Elit” bölməsi üçün təlimlərə başlayıb və Sinay səhrası vasitəsilə pilotsuz uçuş aparatları (PUA) və rabitə avadanlıqlarını qaçaqmalçılıq yolu ilə Qəzzaya gətirməyə çalışır. Həmçinin təşkilat Qəzza zolağının müxtəlif bölgələrində yeraltı infrastrukturunu yenidən qurur.
Kan telekanalı vurğulayıb ki, “İsrail ordusu amerikalılara müharibəyə yenidən başlamağın zəruriliyini bildirib. Lakin ABŞ bunun əleyhinədir və əldə olunmuş razılaşmalar əsasında mövcud vəziyyətin qorunmasını istəyir. Eyni zamanda Trampın planının və ‘Sülh Şurası’nın həyata keçirilməsini davam etdirməyə çalışır.”
Hesabata əsasən, sionist rejimin yüksək rütbəli hərbi komandirləri Eyal Zamirə bildiriblər ki, HƏMAS meydanda güclü mövqeyə malikdir, ona qarşı real təhlükə yaradan yoxdur və təşkilat Qəzza üzərində nəzarətindən imtina etməyə hazır deyil.
Qəzza Səhiyyə Nazirliyi bu gün, bazar günü açıqlayıb ki, ötən il 11 oktyabr tarixində atəşkəsin icrasına başlanandan bəri qeydə alınan şəhidlərin sayı 1 041 nəfərə çatıb. Bundan əlavə, 3 372 yaralı və dağıntılar altından çıxarılan 786 şəhidin cəsədi qeydə alınıb.
Nazirlik əlavə edib ki, 7 oktyabr 2023-cü il tarixindən indiyədək İsrailin Qəzza zolağına hücumları nəticəsində ümumi şəhid sayı 73 054 nəfərə, yaralıların sayı isə 173 480 nəfərə yüksəlib.
İvritdilli bəzi KİV-lərin məlumatına görə, son sorğularda işğal olunmuş ərazilərdə zəif nəticələr göstərən Netanyahunun rəhbərlik etdiyi hakim koalisiya yaxın aylarda Knesset seçkilərindən əvvəl Qəzza zolağına qarşı yenidən müharibəyə başlaya bilər. Bu addımın seçkilərdə koalisiyanın mandatlarının sayına təsir göstərə biləcəyi ehtimal edilir.