Fələstin Səhiyyə Nazirliyinin Qəzza zolağı üzrə baş direktoru Münir əl-Bərş bu gün, şənbə günü bildirib ki, Şühəda əl-Əqsa Xəstəxanasında böyrək müalicəsi üçün nəzərdə tutulan avadanlıq və cihazların bombalanması Fələstinin səhiyyə sisteminə qarşı hücumlarda son dərəcə təhlükəli mərhələdir.
Əl-Bərş deyib ki, sionist rejim artıq müharibədə yalnız binaları və tibb işçilərini hədəf almaqla kifayətlənmir, həm də xəstələrin sağ qalmaq üçün bütün imkanlarını əllərindən almağa çalışır.
O, bu hücumların son dərəcə həssas bir dövrdə baş verdiyini vurğulayaraq bildirib ki, hücumlar əsas dərman vasitələrinin və tibbi sərf materiallarının yarıdan çoxunun tükəndiyi, laboratoriya avadanlıqlarının isə dörddə birinin istifadəyə yararsız olduğu bir vaxtda həyata keçirilib.
İsrail hərbi təyyarələri bu gün səhər saatlarında Qəzza zolağının mərkəzində yerləşən Şühəda əl-Əqsa Xəstəxanasına məxsus böyrək xəstələrinin müalicəsi üçün nəzərdə tutulmuş tibbi avadanlıq anbarını məhv ediblər.
Xəstəxananın direktoru Raed Hüseyn bildirib ki, xəstəxananın dərman və tibbi ləvazimat anbarının hədəfə alınması yeni bir cinayət və Qəzzənin səhiyyə sisteminə qarşı məqsədli dağıntı və soyqırımı siyasətinin davamıdır.
O qeyd edib ki, xəstəxana tibbi avadanlıq baxımından ciddi çatışmazlıq yaşayır və anbarların vurulması yüzlərlə xəstə və yaralının həyatı üçün birbaşa və yaxın təhlükə yaradır.
Hüseyn əlavə edib ki, İsrail Qəzza zolağının müxtəlif bölgələrində səhiyyə sisteminə qarşı təkrarlanan hücumlarını davam etdirir. Bu hücumların məqsədi mülki şəxsləri əsas hüquqları olan müalicə və tibbi yardım imkanlarından məhrum etməkdir.
Qəzza zolağında Fələstin Səhiyyə Nazirliyinin baş direktoru vurğulayıb: "Bu hücumlar xüsusilə böyrək dializi və xərçəng xəstələrinin kimyaterapiya prosesinə ağır təsir göstərəcək."
Əl-Bərş xəbərdarlıq edib ki, xəstəxana anbarlarının hədəfə alınması əməliyyat otaqları və reanimasiya şöbələrində vəziyyəti daha da ağırlaşdırır. Hazırda həmin şöbələr ən sadə tibbi vasitələrdən belə məhrumdurlar.
O, həmçinin bildirib ki, beynəlxalq humanitar hüquqa əsasən mülki şəxslərin istifadəsində olan tibbi avadanlıqların hədəfə alınması qadağandır.