İngiltərənin Reuters agentliyinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, ABŞ ordusu İranla beş aylıq müharibə ərzində uzun mənzilli və yüksək dəqiqlikli raketlərinin demək olar ki, hamısını sərf edib. Bu vəziyyət ABŞ-ın gələcək mümkün münaqişələrə hərbi hazırlığı ilə bağlı narahatlıqları artırıb.
Müvafiq məlumatlarla tanış olan üç nəfərin sözlərinə görə, ABŞ dəqiq yerüstü-yerüstü raket ehtiyatlarının böyük hissəsini, o cümlədən ATACMS taktiki raket sistemlərini və PrSM dəqiq zərbə raketlərini istifadə edib. Bu mənbələrdən ikisi bildirib ki, ABŞ bu silahların "demək olar ki, hamısını" sərf edib.
Reuters yazır ki, ABŞ-ın ATACMS və PrSM raket ehtiyatlarının bu qədər azalması barədə əvvəllər məlumat verilməmişdi. Bu uzaqmənzilli sursatlar ABŞ-ın hərbi arsenalının mühüm hissəsini təşkil edir və təhlükəsiz məsafədən yüksək dəqiqlikli zərbələr endirməyə imkan verir.
Analitiklər bildirirlər ki, hər birinin qiyməti 1 milyon dollardan artıq olan bu silahlar Çinlə mümkün hər hansı qarşıdurmada da həyati əhəmiyyət daşıyacaq. Mənbələr qalan sursatın dəqiq sayını açıqlamaqdan imtina ediblər.
Məlumata görə, Tramp fevral ayında İsraillə birlikdə İrana qarşı müharibəyə başlayarkən münaqişənin qısamüddətli olacağını düşünürdü. Lakin müharibənin uzanması fonunda həmin üç mənbə ABŞ-ın raket ehtiyatlarının azalmasının Rusiya və Çin də daxil olmaqla rəqiblərə qarşı çəkindirmə qabiliyyətini zəiflədə biləcəyindən narahat olduqlarını bildiriblər.
Bununla belə, dördüncü mənbə iddia edib ki, CENTCOM yerüstü raket ehtiyatlarını tam istifadə etsə də, ABŞ-ın dünyanın digər bölgələrindəki hərbi anbarlarından istifadə etməklə öz ehtiyatlarını yenidən doldura bilib.
Ağ Ev ABŞ-ın silah ehtiyatları ilə bağlı suallara cavab olaraq Trampın bəyanatını yayıb. Həmin bəyanatda ABŞ-ın "dünyadakı hər hansı ölkədən qat-qat çox sursata" və "öz ehtiyacından xeyli artıq ehtiyata" malik olduğu bildirilib.
Tramp bundan əvvəl də iddia etmişdi ki, "müdafiə sənayemiz hazırda tarixdə olduğundan daha çox sursat istehsal edir və bununla yanaşı zavodlarını və istehsal imkanlarını görünməmiş səviyyədə genişləndirir."
ATACMS, PrSM və THAAD ballistik raketdən müdafiə sisteminin istehsalçısı olan Lockheed Martin, həmçinin Tomahawk raketləri və Patriot raketlərinin istehsalçısı Raytheon Trampın açıqlamalarına və ehtiyatların səviyyəsi ilə bağlı suallara dərhal cavab verməyiblər.
Bununla belə, Pentaqon Reuters-ə cavabında bu məlumatın əhəmiyyətini kiçiltməyə çalışaraq bildirib ki, "ABŞ ordusu dünyanın ən güclü hərbi qüvvəsidir və prezidentin istədiyi vaxt və məkanda əməliyyat aparmaq üçün lazım olan hər şeyə malikdir."
Silah ehtiyatları ilə bağlı xəbərdarlıqlar
Məlumatlı iki mənbə Reuters-ə bildirib ki, hərbi komandanlıq artıq həftələrdir ABŞ prezidentini müdafiə silahlarının, o cümlədən ballistik raketlərə qarşı istifadə olunan Patriot raketlərinin ehtiyatlarının azalması barədə xəbərdar edir.
Ötən həftə bir neçə KİV Trampın İrana qarşı yeni genişmiqyaslı hücuma başlamamaq qərarı verdiyini və bunun səbəblərindən birinin hərbi müşavirlərinin ABŞ ehtiyatlarının azalması ilə bağlı xəbərdarlıqları olduğunu yazmışdı.
Ötən həftə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) hesabat yayımlayaraq hesab edib ki, fevral–iyul ayları arasında Patriot raketlərinin təxminən 65 faizi istifadə olunub, THAAD sisteminin ballistik raket əleyhinə raket ehtiyatı isə müharibənin əvvəlindən etibarən ən azı 38 faiz azalıb. Patriot və THAAD sistemləri daxil olan raketləri aşkarlayıb məhv etmək üçün nəzərdə tutulur və ABŞ arsenalının ən effektiv müdafiə vasitələrindən hesab edilir.
Mənbələrdən biri əlavə edib ki, ABŞ müharibənin başlanmasından bəri əsasən gəmilərdən buraxılan Tomahawk qanadlı raketlərinin qlobal ehtiyatının da təxminən yarısına yaxın hissəsini istifadə edib.