Amerikalı senator Kris Kuns yayımladığı videoda etiraf edib ki, İranla müharibənin dəyəri Tramp administrasiyasının iddia etdiyi 37,5 milyard dollardan "xeyli çoxdur".
O vurğulayıb: “İranla müharibəyə sərf olunan vəsaitlə ABŞ xalqı üçün iki il ərzində ərzaq yardımı təmin etmək və milyonlarla insanı aclıqdan xilas etmək olardı. Həmçinin amerikalılar üçün üç il ödənişli ailə məzuniyyətinin maliyyəsini qarşılamaq mümkün idi ki, insanlar maaş almaqla xəstə övladına və ya valideyninə qulluq etmək arasında seçim etmək məcburiyyətində qalmasınlar.”
Senator bildirib ki, Tramp on milyardlarla dolları “nə aydın strategiyası, nə də hesabatlılığı olan” bir müharibəyə xərcləyib. O əlavə edib ki, bu “məcburi” müharibənin xərcləri hər gün artır və ona mümkün qədər tez son qoyulmalıdır.
Kuns həmçinin deyib ki, Tramp yalnız varlıların maraqlarını düşünür, ABŞ-ın fəhlə və zəhmətkeş təbəqəsinə isə əhəmiyyət vermir. Onun sözlərinə görə, ABŞ prezidenti varlılar üçün vergi güzəştlərinə, qızıl rəqs zalı kimi dəbdəbəli və nümayişkaranə layihələrə üstünlük verir və indi də Qərbi Asiyada “fəlakətli” bir müharibəyə başlayıb.
Bundan əvvəl The New York Times da yazmışdı ki, İranla müharibənin yaratdığı iqtisadi təzyiq nəticəsində bəzi amerikalılar dolanışıq üçün qan plazmalarını satmağa məcbur qalır, hətta ərzaq təminatında çətinlik yaşayırlar.