İranla müharibədə “Patriot” ehtiyatlarının tükənməsi Ukraynanı da çətin vəziyyətə salıb
Story Code : 1298248
ABŞ-ın İran İslam Respublikasına qarşı apardığı müharibə nəticəsində “Patriot” hava hücumundan müdafiə sistemlərinin raket ehtiyatlarının azalması Ukraynanı da çətin vəziyyətə salıb.
“Bloomberg”in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Kiyevin “Patriot” hava hücumundan müdafiə sistemləri üçün əlavə raket-interseptorların göndərilməsi barədə müraciətinə mənfi cavab verib.
Agentliyin hesabatında bildirilir: “Amerika raketlərinin çatışmazlığı Avropanın maliyyəsi hesabına daha çox ABŞ silahı almağa ümid edən Ukraynaya zərər vurur”.
“Bloomberg” qeyd edir ki, hazırda Ukraynada ABŞ istehsalı olan silahların ehtiyatı ya tamamilə tükənmək üzrədir, ya da çox az sayda belə silah qalıb.
Məlumata görə, Tramp Ağ Evdə keçirilən görüş zamanı Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevə “Patriot” raket sistemləri üçün əlavə raket-interseptorların verilməsi ilə bağlı müraciətini rədd edib.
“Bloomberg”in yazdığına görə, Tramp bu qərarın səbəbi kimi ABŞ-ın öz raket ehtiyatlarının azalmasını və onların İranla müharibədə istifadə edilməsini göstərib.