İranla müharibə Britaniyada ailələrin süfrəsinə də təsir edib
Story Code : 1300061
Ötən il 3,8 faizə çatan Britaniya inflyasiyası son aylarda azalma tendensiyası nümayiş etdirirdi və İranla müharibə başlamazdan əvvəl İngiltərə Bankının 2 faizlik hədəfinə yaxınlaşacağı proqnozlaşdırılırdı. Lakin Yaxın Şərqdə baş verən hadisələr bu tendensiyanı dəyişib.
Britaniyada inflyasiya iyun ayında 2,6 faiz olduğu halda, iyulda 2,9 faizə yüksəlib. Artımın əsas səbəblərindən biri İranla müharibədən sonra enerji qiymətlərinin bahalaşması və qlobal enerji bazarlarında yaranan şok olub.
İnflyasiyanın yüksəlməsi Britaniya ailələrinin iyul ayında son dörd ilin ən kəskin yay enerji xərcləri artımı ilə üzləşdiyi bir vaxtda baş verib. “The Guardian” yazıb ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi qlobal enerji bazarlarında yaranan pozuntular və qeyri-müəyyənlik fonunda neft və qazın qiymətlərini artıraraq Britaniyada yaşayış xərcləri ilə bağlı təzyiqləri yenidən gücləndirib.
İqtisadçılar daha əvvəl də inflyasiya dalğasının yenidən qayıda biləcəyi barədə xəbərdarlıq etmişdilər. İngiltərə Bankı hazırda faiz dərəcələri ilə bağlı çətin seçim qarşısındadır. Enerji xərclərinin yenidən artması inflyasiyanın daha uzun müddət yüksək səviyyədə qalmasına və bankın gələn aydan uçot dərəcəsini artırmasına səbəb ola bilər.
Bununla yanaşı, yüksək inflyasiyanın iş imkanlarının azalması və özəl sektorda əməkhaqqı artımının zəifləməsi ilə eyni vaxta təsadüf etməsi İngiltərə Bankını pul-kredit siyasətini daha da sərtləşdirməkdən çəkindirə bilər.
İngiltərə Bankı ötən ay faiz dərəcəsini dəyişməz saxlayıb və xəbərdarlıq edib ki, İranla müharibənin daha da genişlənəcəyi təqdirdə, ən pis ssenaridə Britaniyada inflyasiya 2027-ci ilin ortalarına qədər 4,5 faizə yüksələ bilər.
Bu proseslər ailələr üçün “nəfəs alma məkanı” yaratmağı vəd edən Endi Börnhəmin hökumətinə də təzyiqləri artırıb. Hökumət yaşayış xərclərini azaltmaq məqsədilə, o cümlədən oktyabr ayından elektrik enerjisinə tətbiq olunan əlavə dəyər vergisinin azaldılmasını nəzərdə tutur. Lakin enerji qiymətlərinin yenidən yüksəlməsi bu tədbirlərin mühüm hissəsinin təsirini neytrallaşdıra bilər.