Qərb ölkələrinin Rusiyaya qarşı hərbi fəallığı NATO missiyasının icrası çərçivəsində Latviyaya ən azı 800 Danimarka hərbçisinin göndərilməsi ilə daha da intensivləşib. Danimarka Latviyaya 800-dən çox hərbçi və yüzlərlə hərbi texnika göndərib. Bununla da 2027-ci ilin yanvarına qədər NATO-nun şərq cinahında xidmət edəcək Danimarka döyüş qrupunun Latviyaya yerləşdirilməsi başa çatıb.
Məlumatlara görə, sözügedən qüvvələr Kanadanın rəhbərlik etdiyi NATO-nun Latviyadakı çoxmillətli briqadasının tərkibinə daxil edilib. Bununla Danimarka həmin briqadanın əsas iştirakçılarından birinə çevrilib.
Bu hərbi addım Danimarka hökumətinin iyun ayında 2026-cı ilin ikinci yarısında Latviyaya 850 nəfərədək şəxsi heyətdən ibarət batalyon göndərmək barədə qəbul etdiyi qərardan sonra atılıb.
Danimarka ordusu Baltikyanı regionda şəxsi heyət və hərbi texnikanın yerdəyişməsini həyata keçirdikdən sonra döyüş qrupunun Latviyada yerləşdirilməsini tamamlayıb. Qrupun tərkibinə döyüş və təminat bölmələri daxildir. Hərbi qüvvələr yüzlərlə texnika ilə birlikdə «Valdemar» düşərgəsində yerləşdirilib.
Rusiyanın Ukraynaya qarşı müharibəsinin 2022-ci il fevralın 24-də başlamasından sonra ABŞ-ın rəhbərlik etdiyi Qərb ölkələri Rusiyanın sərhədlərinə yaxın ərazilərdə hərbi mövcudluğunu gücləndirib.
Danimarka daha əvvəl bildirmişdi ki, tanklar, piyada döyüş maşınları, zirehli transportyorlar və digər hərbi texnika Danimarka limanları vasitəsilə Latviyaya göndərilərək orada yerləşdiriləcək.
«Valdemar» düşərgəsində komandanlığın rəsmi şəkildə təhvil verilməsi ilə Danimarka qüvvələri NATO-nun Latviyadakı çoxmillətli briqadasının tərkibinə daxil olub. Kanadanın rəhbərlik etdiyi bu briqada Danimarka ilə yanaşı, NATO-nun digər 12 üzv ölkəsinin hərbi qüvvələrindən ibarətdir.