0
Sunday 23 August 2026 - 21:52

Sionist general: İsrail dərin uçurumun astanasındadır

Story Code : 1300970
Sionist general: İsrail dərin uçurumun astanasındadır

Təqaüddə olan general İshaq Brik “Maariv” qəzetində dərc olunan məqaləsində bildirib ki, “İsrail qəbiləçiliyin müqəddəsləşdirildiyi və yanlış addımlara haqq qazandırıldığı qarşıdurma meydanına çevrilib. Hər hansı tənqid səsləndiriləndə isə müxtəlif siyasi düşərgələr tənqidçini ittihamların hədəfinə çevirir”.
Brik qeyd edib ki, son illərdə ordu qərargah rəislərini sərt şəkildə tənqid edərək onları ordunu uçuruma sürükləməkdə, heç bir cəbhədə vəziyyəti həll edə bilməməkdə və İsrailin sərhədlərini müdafiə etməkdə aciz olmaqda günahlandıranda, sol düşərgə onu “Bibi tərəfdarı sağçı” adlandırır.
Onun sözlərinə görə, siyasi rəhbərliyi, xüsusilə də hazırkı vəziyyətə və ordunun durumuna görə danılmaz məsuliyyət daşıyan Benyamin Netanyahu tənqid etdikdə isə sağ düşərgə onu “solçu” adlandırır. “Haredilər”i tənqid etdiyi zaman isə həmin qrupun nümayəndələri onu “qeyri-yəhudi” adlandırırlar.
Brik bu vəziyyəti “təhrif olunmuş reallıq” kimi qiymətləndirərək bildirib ki, hər hansı obyektiv tənqid əsassız damğalar və sistemli şəkildə aparılan demonizasiya yolu ilə təsirsizləşdirilir.
İsrailin ehtiyatda olan generalı vurğulayıb: “Düşərgə rəhbərləri qarşısında açıq həqiqəti söyləməyə cəsarət edən hər kəs dərhal siyasi və media baxımından sıradan çıxarılmanın hədəfinə çevrilir. Buna səbəb insanı dəyərindən üstün tutaraq müqəddəsləşdirən kor kütlələrdir”.
Brik bildirib ki, bu insanlar dar düşüncəli düşərgələrinin maraqlarını ümumi mənafedən üstün tuturlar. Onun fikrincə, bu yanaşma öz əlləri ilə gələcəyini məhv edən parçalanmış cəmiyyətin formalaşmasına gətirib çıxarır.
O əlavə edib ki, qrup maraqları İsrailin təhlükəsizlik maraqlarını üstələyib və cəmiyyətin müxtəlif təbəqələri bir-birinə ciddi zərər vurmağa hazır vəziyyətə gəlib. Brikin sözlərinə görə, bu proses İsrailin dağılmasını daha da yaxınlaşdırır.
O qeyd edib ki, bu davranışın nəticələri hər gün çəkindirmə qabiliyyətinin zəifləməsində, ictimai sistemlərin iflic olmasında və parçalanmaların dərinləşməsində özünü göstərir. Nəticədə İsrailin mövcudluğunun əsasları ilə bağlı belə minimum ümumi razılığın əldə edilməsi imkanları getdikcə aradan qalxır.
 
Tagged
israil
Comment