Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri bildirib ki, ölkəsinin qüvvələri Qırmızı dənizin şimalında, Yənbu sahillərində Səudiyyə Ərəbistanına məxsus neft tankerini hədəfə alıb.
Sərinin sözlərinə görə, hücum ballistik raketlə həyata keçirilib. Raket hədəfə dəqiq zərbə endirib və gəmidə yanğın baş verib. O əlavə edib ki, Yəmən qüvvələrinin uğurlu hücumundan sonra həmin ərazidə olan digər gəmilər ərazini tərk edib.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü bildirib ki, sözügedən əməliyyat Səudiyyə düşməninin dənizçilik fəaliyyətinə qoyulan qadağanın həyata keçirilməsi və «mühasirəyə qarşı mühasirə» prinsipinin möhkəmləndirilməsi çərçivəsində həyata keçirilib.
Yəhya Səri daha iki hərbi əməliyyat keçirildiyini də açıqlayıb. Onun sözlərinə görə, ilk əməliyyat zamanı Əl-İbər və Əl-Vədiə bölgələrində hərbi texnika daşıyan böyük Səudiyyə hərbi karvanının toplandığı məntəqə hədəfə alınıb.
Səri bildirib ki, bu əməliyyatlar bir sıra ballistik raket və pilotsuz uçuş aparatlarından istifadə edilməklə həyata keçirilib. Nəticədə Səudiyyə Ərəbistanı ərazisindən Yəmən xalqına qarşı istifadə olunmaq üçün göndərilən silah-sursat daşıyan 10-dan çox yük maşını vurularaq məhv edilib.
İkinci əməliyyat zamanı isə Əl-Kənayis bölgəsində Səudiyyə muzdlularının toplandığı məntəqə bir sıra ballistik raket və pilotsuz uçuş aparatları ilə hədəfə alınıb. Hücum nəticəsində aralarında Səudiyyə komandirləri və zabitlərinin də olduğu onlarla şəxsin öldüyü və yaralandığı bildirilib.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü həmçinin hücumlar zamanı Səudiyyə Ərəbistanına məxsus bir neçə silah anbarının məhv edildiyini qeyd edib.
Səri vurğulayıb ki, Yəmən Silahlı Qüvvələri elan edilmiş əməliyyat bölgəsində Səudiyyə düşməninin dənizçilik fəaliyyətinə qoyulan qadağanı tətbiq etməyə davam edəcək.
O, çıxışının sonunda Yəmən Silahlı Qüvvələrinin Səudiyyə muzdlularının hücumlarının intensivləşməsinə qarşı mübarizəyə hazır olduğunu və daha genişmiqyaslı və böyük əməliyyatlar keçirmək üçün hazırlıq gördüyünü bildirib.