0
Sunday 30 August 2026 - 14:20

İnqilab Rəhbəri: Haqqın batil üzərində qələbəsinin ilk şərti müsəlmanların qlobal küfr qarşısında birliyidir

Story Code : 1302464
İnqilab Rəhbəri: Haqqın batil üzərində qələbəsinin ilk şərti müsəlmanların qlobal küfr qarşısında birliyidir
Ayətullah Seyid Müctəba Hüseyni Xamenei İslam İnqilabının Rəhbəri kimi Vəhdət Həftəsi münasibətilə yayımladığı müraciətində Həzrət Məhəmməd Mustafanın (s) və İmam Cəfər Sadiqin (ə) mövlud gününü təbrik edib.
O, İslam düşmənlərinin əsas məqsədinin İslam ümmətini zəiflətmək və ona hakim olmaq üçün müsəlmanlar arasındakı fikir ayrılıqlarını ön plana çıxarmaq olduğunu bildirib. İnqilab Rəhbəri ABŞ-ın cinayətkar mahiyyətini gizlədən maskaların artıq aradan qalxdığını qeyd edərək, İslam ümmətinin birliyini, küfr qarşısında bir-birini müdafiə etməsini və maddi-mənəvi sahələrdə əməkdaşlıq və qarşılıqlı imkanlardan istifadəni zəruri hesab edib.
Ayətullah Xamenei İslam ölkələrinin rəhbərlərinə müraciət edərək vurğulayıb: «Amerikanın cinayətkar hakimləri və saxta sionist rejim İslam birliyinin və bütün İslam ümmətinin, o cümlədən Qərbi Asiya və Şimali Afrika xalqlarının and içmiş düşmənləridir. Buna görə də həqiqi düşməninizi tanıyın və onun planlarına qarşı mübarizə aparın».
İnqilab Rəhbəri həmçinin İran xalqı arasında İslam məktəbinin birləşdirici prinsiplərinin əhəmiyyətli dərəcədə həyata keçirildiyini bildirərək, xalqın bütün təbəqələrinə aralarındakı hər hansı fikir ayrılığının meydana çıxmasına heç bir halda imkan verməməyi tövsiyə edib.
İslam İnqilabının Rəhbərinin müraciətinin tam mətni belədir:

Bismillahir-Rəhmanir-Rəhim
مُحمّدٌ رَسولُ ‌الله وَالّذینَ مَعَهُ اَشِّداءُ عَلی الکُفّارِ رُحَماءُ بَیْنَهُم
«Məhəmməd Allahın Rəsuludur. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər».
Uca Allahın seçdiyi, yaradılmışların ən şərəflisi, nur saçan çıraq, aləmlərə rəhmət olaraq göndərilmiş, elm şəhəri, Həzrət Məhəmməd Mustafanın (s) və onun pak və pakizə övladı, Allahın höccəti, Həzrət İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günlərini şərəfli İran xalqını və böyük İslam ümmətini təbrik edirəm.
Həzrət Xatəmül-Ənbiya Məhəmməd Mustafanın (s) varlıq günəşi Məkkəyi-Mükərrəmədə doğduğu gündən insan səadətinin, Uca Allaha kamil bəndəlik və itaətdən asılı olan gələcəyi daha parlaq görünməyə başladı. Peyğəmbərlərin, ilahi mələklərin və müqəddəslərin ruhları sevincə qərq oldu, insan və cin şeytanları isə qəzəb, həsrət və kədər içində barmaqlarını dişlədilər.
Çünki Allahın bütün saysız-hesabsız yaradılış aləmlərində ən üstün yaratdığı varlıq yer üzünə qədəm qoyurdu. O, tezliklə peyğəmbərlik və sonuncu peyğəmbərlik məqamı, böyük Quran və insanı hərtərəfli hidayət etmək missiyası ilə bəşəriyyətin nəhəng karvanının Allaha bəndəlik və kamillik istiqamətində hərəkətini müəyyən edəcəkdi.
Həzrət Peyğəmbərin (s) və onun məsum canişinlərinin həyatı bütövlükdə hidayət və bəndəlik, mərifət və məhəbbət, əqidə və cihad, fərdi və ictimai həyat və gözəl əxlaq, əmanət və doğruluq, izzət və ləyaqət, elm və əməl, mərhəmət və qətiyyət, haqq və ədalət, birlik və qardaşlıq dərsidir.
Bu dərslər nə qədər yaxşı öyrənilər və onlara əməl olunarsa, bəşər övladının səadət və xoşbəxtlik zirvələrinə çatması bir o qədər asanlaşar.
Biz inanırıq ki, Rəhmət Peyğəmbərinin müqəddəs ruhu, eləcə də onun pak canişinlərinin və höccətlərinin mübarək ruhları daim müsəlmanların və İslam cəmiyyətinin vəziyyətinə nəzarət edir, onları hidayətləndirir və mərhəmət göstərirlər. Bu mehriban və böyük Atanın övladlarından hər hansı biri səhvə yol verdikdə, onların könlü inciyir; müsəlmanlar isə onun dərs və göstərişlərinə əməl etdikdə mübarək qəlbləri sevinclə dolur.
Bu gün İslam və onun ardıcılları ilk dövrdən indiyədək çoxsaylı çətin və təlatümlü mərhələlərdən, müxtəlif eniş-yoxuşlardan keçərək taleyüklü və həlledici bir mərhələyə çatıb.
Bu gün müsəlmanlar çox mühüm və tarixyaradan rol oynaya bilərlər. Bu gün haqqın batil, İslamın isə küfr üzərində son qələbəsinin perspektivinin əvvəlki bütün dövrlərlə müqayisədə daha çox reallığa yaxınlaşdığı gündür.

Bu mühüm məqsədin ilk şərti müsəlmanların söz və mövqe birliyidir.
Müsəlmanların qlobal küfr qarşısında birliyi Qurani-Kərimə əsaslanan strategiya və İslamın saf Məhəmmədi təliminin əsas prinsiplərindən biridir. Bu, səthi və müvəqqəti məsələ deyil.
Birlik dedikdə İslam cəmiyyətlərinin ümumi səviyyəsində bütün müsəlmanlar arasında ortaq məqamların əsas və başlıca meyar kimi qəbul edilməsi nəzərdə tutulur. Təbii ki, dəlillərə əsaslanaraq, qardaşlıq və həmrəylik prinsiplərinə riayət etməklə və Quran təlimlərinin göstərdiyi şəkildə fikir ayrılıqlarının ortaq məqamlara çevrilməsi üçün sülh və qarşılıqlı anlaşma şəraitində səylər göstərilməlidir.
Şübhəsiz ki, İslam cəmiyyətlərində bütün müsəlmanlar qlobal küfrlə qarşılaşdıqda «اَشِدّاءُ عَلی الکُفّار، رُحَماءُ بَیْنَهُم» «kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətli» prinsipini düşüncə, söz və əməllərinin əsasına çevirməlidirlər. İslam birliyi və həmrəyliyi məhz belə formalaşır.
Bu ilahi mesajın iki hissəsindən hər hansı biri müsəlmanların praktiki həyatından uzaqlaşdıqda, onlar İslam şəhərində haqlı olaraq əldə etdikləri izzət və qüdrət mövqeyindən də uzaqlaşacaqlar. Bu, pozulması mümkün olmayan bir qanundur.
Bu prinsip İslam İnqilabının əsas ideyalarından və mühüm mesajlarından biridir. İlk Vəhdət Həftəsinin keçirilməsi 1356-cı hicri-şəmsi ilinin Esfənd ayına, Pəhləvi rejiminə qarşı mübarizə dövrünə təsadüf edir. Həmin vaxt sürgündə olan böyük rəhbər bu ideyanı irəli sürmüş və şiə və sünni müsəlmanlar tərəfindən müsbət qarşılanmışdı. İslam İnqilabının qələbəsindən qısa müddət sonra isə İslam Respublikasının banisi İmam Xomeyninin təşəbbüsü ilə «Vəhdət Həftəsi» rəsmiləşdirildi.
Uca Allahın lütfü ilə müsəlman İran xalqının müxtəlif təbəqələri arasında birlik məsələsi ölkəmizdə uğurlu nümunəyə çevrilib və düşmənlərin fitnələri bu birliyi ciddi şəkildə zədələyə bilməyib.
Lakin şübhəsiz ki, bədxahlar daim bu böyük nemətə pusqu qururlar. Onları ümidləndirən əsas amil fikir ayrılıqlarının qabardılmasıdır.
Əqidə və məzhəb fərqləri İslam düşmənlərinin məqsədlərinin mühüm istiqamətlərindən biri olsa və düşmən bundan istifadə etməyə böyük ümid bəsləsə də, bununla kifayətlənməyəcək. O, irqi, mədəni, sosial, iqtisadi, siyasi və coğrafi fərqlərin müxtəlif bəhanələrlə İran və digər İslam ölkələrində müsəlman xalqlar arasında ixtilaf yaratmaq vasitəsinə çevrilməsinə çalışır.
Məqsəd İslam ümmətinin parçalanmasını, onun qüvvələrinin tükənməsini izləmək və münasib fürsətdə xalqlar üzərində öz hakimiyyətini bərqərar etməkdir.
Qurani-Kərimin bu məsələlərdə göstərişi belədir: «وَ لا تَنازَعوا فَتَفْشَلوا و تَذْهَبَ ریحُکُم» «Bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və gücünüzü itirərsiniz».
Buna görə də hansı mövqedə olmasından asılı olmayaraq, müsəlmanlar arasında parçalanmaya səbəb olan və İslam cəmiyyətində qarşıdurma yaradan hər bir şəxs, bunu bilərəkdən və ya bilmədən, istəyərək və ya istəməyərək, İslam düşmənlərinin məqsədlərinə xidmət etmiş olur.
Bu gün dünyada baş verən hadisələr fonunda belə bir əməli cəhalət və ya qəflətlə izah etmək mümkündürmü? Halbuki bu gün dünyanın tağutları, xüsusilə də cinayətkar Amerika, özlərinin müstəmləkəçi məqsədlərini və hegemonluq, hökmranlıq planlarını gizlədən aldadıcı maskaları üzlərindən götürüb, məxmər əlcəklərini çıxarıb və qanlı caynaqlarını bütün dünyaya göstəriblər.
İndi müsəlmanların düşünməsinin və hadisələrə daha dəqiq nəzər salmasının vaxtıdır.
Əgər müsəlmanlar yumruğunu möhkəm sıxan vahid əl kimi birləşmiş olsaydılar, Fələstin xalqı bu şəkildə müdafiəsiz halda işğalçıların zülm və cinayətlərinə məruz qalardımı?
Əgər Fars körfəzi sahillərində yerləşən ölkələrin xalqları və hökumətləri İslam bayrağı altında öz birliklərini təmin etsəydilər, kimliyi olmayan və korrupsiyaya uğramış avantüristlər minlərlə kilometr uzaqdan onların torpaqlarına və sərvətlərinə göz dikməyə cəsarət edərdilərmi?
İslam ölkələrinin, xüsusilə Qərbi Asiya və Fars körfəzi regionu ölkələrinin hakimlərinə mənim təkidli və dəfələrlə təkrarladığım tövsiyəm budur: Həqiqi düşməninizi tanıyın, onun planını anlayın və ona qarşı mübarizə aparın.
İslam ümmətinin problemlərinin həlli birlik, dostluq, xeyir və yaxşılıq yolunda əməkdaşlıqdan keçir.
Amerikanın cinayətkar hakimləri və saxta sionist rejim bu birlik və dostluğun and içmiş düşmənləridir. Onlar yalnız İslam Respublikasının, İran xalqının və böyük İslami müqavimət cəbhəsinin düşməni deyillər; bütün İslam ümmətinə, o cümlədən Qərbi Asiya və Şimali Afrika xalqlarına qarşı düşmənçilik edirlər.
Bu məsələdə həmin ölkələrin hakimləri də istisna təşkil etmir; onların bir çoxu bu qüvvələrlə əməkdaşlıq etsə belə. Yaxın tarixdə hegemon güclərin rəhbərləri tərəfindən bəzi İslam ölkələrinin başçılarına qarşı açıq şəkildə hörmətsizlik edilməsi və təhqiramiz ifadələrin işlədilməsi sizin və bizim yaddaşımızdadır.
Birlik və qarşıdurmadan çəkinmək dərsi İslam məktəbinin düşmənə və dosta münasibətdə ilk mühüm dərsidir. İkinci dərs küfr qarşısında bir-birini müdafiə etmək, üçüncü dərs isə müsəlmanların maddi və mənəvi həyatının müxtəlif sahələrində sərvət, təhlükəsizlik, elm və tərəqqi baxımından əməkdaşlıq və qarşılıqlı imkanlardan istifadə etməkdir.
Bu yolun son məqsədi yeni İslam sivilizasiyasına çatmaqdır. Buna görə də müsəlmanlar arasında birlik əziz və qalib İslam sivilizasiyasının qurulmasının əsas təməl daşıdır.
İslam dünyası üçün arzuladığımız bu konseptual və ideoloji çərçivə öz növbəsində əziz İranda müəyyən dərəcədə reallaşıb. Bir daha bu xalqın bütün təbəqələrinə tövsiyəm budur ki, aralarında heç bir fikir ayrılığının yaranmasına heç bir halda imkan verməsinlər.
Sonda ümid edirəm ki, Allahın Rəsulunun və onun pak Əhli-Beytinin şəfaətləri sayəsində ilahi lütfün mərhəmət və bərəkət kölgəsi İslam cəmiyyətlərinin üzərinə düşəcək və onlar ilahi göstərişlərə əməl etməklə tərəqqi və izzət pillələrini gündən-günə daha yüksək səviyyədə qət edəcəklər.

Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh
Seyid Müctəba Hüseyni Xamenei
8 Şəhrivər 1405 — 17 Rəbiül-əvvəl 1448
Comment